Ağdamın "Qarabağ" klubunun Azərbaycan tarixində ilk dəfə olaraq futbol üzrə Çempionlar Liqasına vəsiqə qazanması paytaxt Bakı küçələrində böyük sevinc hissi ilə qeyd olunub.
Report xəbər verir ki, qələbə sevinci daha çox "Neftçilər" prospektində hiss olunub.
İlk olaraq "Azneft" meydanından avtomobillərin siqnal sədaları altında yürüşə çıxan azarkeşlər, Azadlıq meydanında nəqliyyat vasitələrindən enərək rəqs etməyə başlayıblar. Onlar "Qarabağ"ın şəninə şüarlar səsləndiriblər.
Paytaxtın digər küçələrində də futbol fanatları Azərbaycan bayrağı dalğalandıraraq öz sevinclərini ifadə ediblər. Azərkeşlərin bu sevincinə Bakıda olan əcnəbi qonaqlar da qoşulublar.
İctimai asayişin təmin olunması üçün küçə və prospektlərə Yol Patrul Xidmətinin əməkdaşları ilə yanaşı Post Patrul Xidmətinin əməkdaşları da cəlb olunub.