“Qarabağ” klubunun başqanı Tahir Gözəl Çempionlar Liqasının pley-off mərhələsinin “Kopehagen”ə qarşı cavab oyunundan sonra Qol.az saytına eksklüziv müsahibə verib.
Axar.az həmin müsahibəni təqdim edir:
- “Qarabağ”ın parlaq qələbəsi münasibəti ilə sizi təbrik edirik. Təəssüratlarınız necədir?
- Bu, möhtəşəm bir qələbədir. Çox maraqlı, gərgin bir oyun oldu. Matçın sonlarında nəfəsim tutulmuşdu. Amma qol vurduq, üstünlük qazandıq, bunun da nətisəsində qrupa vəsiqə qazandıq. Bu, tarixi bir uğurdur. Başda cənab prezidentimiz olmaqla Azərbaycan xalqını, futbolsevərləri, bütün türk dünyasını təbrik edirəm. “Qarabağ” sübut etdi ki, Avropa Çempionlar Liqasında oynamağa layiq və qadir bir komandadır. Bu qələbə klub olaraq bizim bütün Qarabağ bölgəsindən məcburi köçkün düşmüş insanlarımıza kiçik bir hədiyyəmizdir. Qoy bütün dünya bilsin ki, biz Qarabağ üçün haqlı iddiamızdan heç vaxt əl çəkməyəcəyik.
- “Qarabağ”ın qələbəsi günü sizin həm də 45 yaşınız tamam olurdu. Yəqin ad günündə belə hədiyyə almaq ikiqat xoş duyğudur.
- Əlbəttə. 2000-ci ildən biz “Qarabağ”la bu yola çıxmışıq. Çox sevinirəm ki, möhtəşəm uğurumuz mənim ad günümlə üst-üstə düşdü. Həyatımda baş verən ikiqat sevinci heç vaxt unutmayacağam.
- Oyundan sonra komanda üzvləri ilə görüşmüsünüzmü?
- Hə, bir az əvvəl baş məşqçimiz Qurban Qurbanov və futbolçularla birgəydim. Onları təbrik etdim. Bütün komanda sevinc içindədir. Biz düz 4 il idi Avropada daha uğurlu nəticələr üçün yarışırdıq. Amma bildiyiniz kimi, hər dəfə son anda nəsə olurdu. “İnter” Milanla Bakıdakı oyunu xatırlayırsınız. Haqqımız yeyildi. Bu gün isə biz layiq olduğumuz yerə gəlib çatdıq.
- Komandanız artıq ÇL-in qrupunda yarışacaq. Azarkeşlər sizdən yeni transferlər gözləyir.
- Əlbəttə, biz bu istiqamətdə çalışmalarımızı davam etdiririk. İmkanımız çatan qədər komandanı gücləndirməyə çalışacağıq. Bəzi oyunçulardan xəbər gözləyirik. Amma transfer işlərinin öz prosesi var. Bununla da Qurban hoca məşğuldur. Biz klub rəhbərliyi olaraq futbolçu seçiminə qarışmırıq. Baş məşqçimiz kimi məsləhət görsə, alacağıq.