Bu gün təkcə biz yox, bütün Azərbaycan xalqı istəyirdi ki, ilk dəfə ÇL-nin qrup mərhələsinə düşək. Bütün Azərbaycanı qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O, tarixi qələbə və komandamızın oyunu haqda təəssüratlarını bölüşüb:
“Düşünürəm ki, bu, futbolumuzun inkişafı üçün böyük bir addım olacaq. Həm futbol, həm də “Qarabağ” klubu ölkəmizdə daha da seviləcək. İndiyə qədər heç bir məğlubiyyətə bu qədər sevinməmişdim. Oyuna gəldikdə isə biz ilk hissədə rəqibin təzyiq göstərəcəyini bilirdik. Müdafiədə diqqətli olmalı idik. Amma geri düşməyə, rəqib meydanı və azarkeş amilinə baxmayaraq, futbolçularımız sona qədər inanıb mübarizə apardılar. İkinci hissədə daha soyuqqanlı oynadıq. Ümumi olaraq düşünürəm ki, oyunumuz pis alınmadı. Bir daha hər kəsi qələbə münasibəti ilə təbrik edirəm”.
Qeyd edək ki, Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.