Avrokubokların pley-off mərhələsinin cavab qarşılaşmalarının ikinci oyun günündən sonra UEFA reytinqi açıqlanıb.
APA-nın məlumatına görə, Çempionlar Liqasında keçirilən növbəti 5 görüş siyahıda yalnız bir dəyişikliyə səbəb olub.
Bu dəyişikliyin müəllifi Azərbaycan olub. Danimarkada “Kopenhagen”in qonağı olan “Qarabağ” futbol tariximizdə görünməmiş qazanc əldə edib.
Təmsilçimiz 1:2 hesabı ilə uduzsa da, tarix yazaraq qrupa düşüb. Bu isə Azərbaycana 4 bonus xalı qazandırıb. Futbol tariximizin ilk bonusu reytinqimizə 1,000 xal əlavə edib.
Bununla da cari mövsümdəki qazancımız 3,875-ə çatıb. “Qarabağ” hamıdan çox - 2,125 xalımızın müəllifidi. Artıq mübarizəni dayandıran klublarımızdan “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal əldə edib.
Son 5 mövsümə əsasən hesablanan reytinq xalımız 18,625-ə yüksəlib. Bu isə bir gün öncə əldən verilən 22-ci yerin qaytarılması ilə nəticələnib. Azərbaycan Şotlandiyanı arxada qoyub.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 90,141 xal.