Əvvəla, təşəkkür etməmişdən öncə qeyd edim ki, heç vaxt 90 dəq top arxasıyca qaçan futbolçuları və bu adamlara tamaşa edən qatı azarkeşləri anlamamışam. Bəlkə də bu məntiq əksər xanımlar kimi futbolu sevməməyimdən irəli gəlir... Futbol izləməyi bir növ stress, əsəb, vaxt itgisi hesab etmişəm. Amma, bəli amma (özü də böyük hərflərlə) “Qarabağ”ın möhtəşəm oyunu mənim bu yanaşmama bir başqa don geyindirdi. Bəlkə də hisslərə qapılıb yazıram, siz bizə 90 dəqiqə ərzində təkcə oyun deyil, millətimizin həmrəyliyini, Qarabağın varlığının sevincini sözün əsl mənasında nümayiş etdirdiz!
Bilmirəm neçənci illər idi... bircə o yadımdadır ki, futbolumuz hər fürsətdə səhnədəki yumoristlərimizin gülüş hədəfi idi. Kimsə kimisə söymək istəyəndə, yaxud qarğış edəndə deyirdi ki, “səni görüm futbolumuzun gününə düşəsən”. Məncə siz həm də bu ifadələrin üstündən birdəfəlik xətt çəkib o tarixi yazdız. Məncə daha bundan sonra hər kəs futbolumuzun gününə düşmək istəyəcək. Necə ki, yarış günü stadiona düşməkçün bilet tapmaq müşkül məsələdir.
Adınıza söz oyunuyla qurban olanlar, qurban kəsənlər, vədlər verən hər kəsin sizə və komandamıza bir ömürlük təşəkkür borcu var! Ilk dəfə olaraq Azərbaycanım, Qarabağım çempionlar liqasına qatılır. Ilk dəfə olaraq millətim hamı eyni anda sevincdən göz yaşlarına boğulur. Küçələrə tökülüb tanıdıq-tanımadıq bir-birini təbrik edir, xoşbəxtliyini bölüşür. Ilk dəfə olaraq Avropa Qarabağın hansı millətə məxsus olduğunu görür! Bəli, bu dəfə gözləri tutulmuş qoca Avropa çox diqqətlə bu adı görür və anlayır.
“Qurban, sənin o göz yaşlarına qurban...”. İndi hər kəs sevincini sizin və Qarabağın adına belə ünvanlayır. Təşəkkür edirəm! Həmişə vaxt itgisi hesab etdiyim 90 dəqiqənin əslində özündə necə böyük mənalar daşıdığını anlatdığınız üçün. Həmişə kobud, aqressiv, qaraqabaq hesab etdiyim insanlarımızın əslində necə saf, yeri gələrsə yumruq kimi birləşməyi bacaran, böyük ürəyə sahib olduğunu göstərdiyinizçün. Təşəkkür edirəm, o göz yaşlarıyçün... hər birimizin ürəyində dağ olan Qarabağımızın gözlərimizdəki ilk sevinci üçün!
P. S. Küçələrdə sevinc hayqırtıları atan millətimi görəndə nədənsə mənə elə gəldi ki, biz həm də işğal olunmuş Qarabağımızın qələbə xəbərini almağa layiqik. Bu sevinci isə təsəvvürümə belə sığdıra bilmirəm. Qarabağım mübarək!