Futbol üzrə Rumıniya çempionatının VII turunda Buxarestin "Yuventus" və "Styaua" komandaları arasında keçirilmiş matçın uzatma dəqiqələrində qeyri-adi hadisə baş verib.
Report-un məlumatına görə, "Yuventus"un oyunçuları George Kalintaru və Valentin Barbulesku bir-biri ilə dalaşıb.
Buna Kalintarunun 90+6-cı dəqiqədə "Styaua"nın qapısına təyin olunmuş penaltini Panenka üslubunda vurma cəhdi səbəb olub. Həmin zərbəni rəqib qapıçı Florin Nitse asanlıqla tutub. Nəticədə "Yuventus" 1:2 hesabı ilə uduzub.
Bundan sonra Barbulesku Kalintaruya iradlar bildirərək, onu itələyib. Münaqişənin daha da böyüməsinə onların komanda yoldaşları imkan verməyiblər.
Qeyd edək ki, "Yuventus" Rumıniya çempionatında 7 turdan sonra 2 xalla sonuncu pillədə qərarlaşıb. Komandanın heyətində ötən mövsüm azarkeşi vurduğu üçün "Neftçi"dən qovulan Katalin Tira da yer alıb. Lakin Tira "Styaua" ilə matçda sonadək ehtiyatda qalıb.