Çox çətin oyun oldu. Birinci hissədə yaxşı çıxış etdik.
APA-nın məlumatına görə, bu sözlər “Şerif”in baş məşqçisi Roberto Bordinə məxsusdur.
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olan Moldova çempionu Bakıdan 0:0 hesablı bərabərliklə dönür.
Matçdan sonra keçirilən mətbuat konfransında italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Oyunun ikinci hissəsi çətin keçdi. Çünki öz qapımız qarşısında qalmalı olduq. Dünən də belə olacağını düşünürdüm. Rəqibin gözəl hücumçuları var. Azarkeşlərin təzyiqi nəticəsində oyun bizim üçün daha çətin oldu. Ancaq bundan da yaxşısını bacararıq”.
- Bu oyunla hansı nəticəyə ümid edirsiniz?
- “Qarabağ” topla çox yaxşı oynayır. Bu gün cinahları yaxşı bağlamışdıq. Rəqibin hücum şansını çətinləşdirirdik. Səfərdə oynadığımız üçün əsas məqsədimiz əks-hücumlarla təhlükə yaradaq. İlk hissədə bunu bacardıq. Başqa cür oyun qura bilməzdik.
- Ancaq oyun ərzində qapıya bir zərbəniz də olmadı..
- Yəqin ki, oyuna yaxşı baxmamışıq. Sizin komandanın da qapısı qarşısında çətin anlar yaşadı. İkinci hissədə hücum edə bilməzdik. Rəqib cinahlardan təzyiqi artırmışdı. Belə oynamağa məcbur idik.
- Komandanızda hansı komponentdən razı qalmadınız?
- Əks-hücumlarımız zamanı hücumçumuz tək qalırdı, ona kömək olmurdu. Kimsə kömək etsəydi, daha yaxşı olardı. Bunun səbəblərini də özüm bilirəm.