UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” doğma meydanda “Şerif”lə qolsuz bərabərə qalıb.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev “Şerif”lə oyundan sonra fikirlərini bölüşüb.
“Düşünmürəm ki, qeyri-adi nəsə başa verib. “Şerif” yaxşı rəqibdir. Müdafiə olunmağı da gözəl bacardılar. Çox istəyirdik ki, qalib gələk. Amma qol imkanlarından yararlana bilmədik. Yaxşı oynamağımızın bariz nümunəsi də budur ki, rəqib qapımıza qol vurmadı və təhlükəli epizod da yarada bilmədi. Fikrimcə, yaxşı çıxış etdik. Mərhələni keçmək haqda danışmaq bir qədər tez olardı. Burda 1 qol vursaydıq, səfərdə rahat olardıq”.
O bildirib ki, kapitanın meydanda yeri görünürdü:
“Sözsüz, Rəşad Sadıqovun yeri görünürdü. Onun yeri hər zaman görünür. Rəşadın dəstəyi, təcrübəsi hamımıza faydalıdır. Bu da oyuna təsir edir. İlk dəqiqələrdə ardıcıl epizodlar boşa verdik. Özüm də inana bilmirəm ki, Donaldın baş zərbəsi nə baş verdi ki, qapıya girmədi. Böyük dəstək altına çıxış etdik. Azarkeşlərə təşəkkür edirəm”.
Qarayev cavab matçı haqda da fikirlərini açıqlayıb:
“Çoxları bizi aşkar favorit sayırdı. Futbolçular da düşünürdü ki, “Şerif” asan tikə deyil. Rəqib yaxşı oynadı. Amma bu o demək deyil ki, artıq əlimizi-qolumuzu bağlayacağıq. Səfərə yaxşı nəticə əldə etmək üçün gedəcəyik”.