İyulun 13-də Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirib.
Axar.az xəbər verir ki, Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Rumıniyada yerli “Astra” komandasının qonağı olub.
Giurgiu şəhərindəki Marin Anastasoviçi stadionunda keçirilən oyunun 31-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar. Rumıniya təmsilçisinin heyətində Aleksandru Yonita fərqlənib. Dörd dəqiqə sonra “Zirə”nin futbolçusu Rəşad Sadiqov hesabı bərabərləşdirib. Komandaların cəhdlərinə baxmayaraq ilk hissənin sonunadək hesab dəyişməyib – 1:1.
“Astra” ikinci hissəyə daha fəal başlayıb. Matçın 55-ci dəqiqəsində Aleksandru Dandea, 74-cü dəqiqəsində isə Antoni Le Tallek “Zirə”nin qapıçısı Anar Nəzirovu məyus ediblər. Qarşılaşmanın qalan dəqiqələrində komandalar təhlükəli vəziyyətlər yaratsalar da, tabloda rəqəmlər dəyişməyib.
Beləliklə, görüş “Astra”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.
Qeyd edək ki, “Zirə” turnirin birinci təsnifat mərhələsində Lüksemburqun "Differdange" komandasından üstün olub.