Çox istəkli və aqressiv komandaya qarşı oynayırdıq.
Rəqib topla davranmağı bacarır.
APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk görüşdə Gürcüstan çempionu “Samtredia”ya heç bir şans verməyib. Rəqibi üzərində böyük hesablı qələbə qazanan (5:0) “Qarabağ” cavab matçını formallığa çevirib.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov qələbəni şərh edib: “4 top buraxdıqdan sonra da rəqib məğlub olmaq istəmirdi. Eşitdim ki, baş məşqçiləri yenə də şanslarının qaldığını deyib. Bu komandaya, məşqçiyə qarşı hörmətim daha da artdı. Oyuna gəlincə, çətin başlanğıc oldu. İlk hissə bizim üçün bir qədər ağır oldu. Futbolçularımız xarakter nümayiş etdirdilər. Bir dəqiqə də olsun sakitləşmədilər. Azarkeşlərin də bu gün bizə köməyi oldu. Fikrimiz cavab görüşündə olacaq. Çalışacağıq bu müddətdə çatışmayan cəhətlərimizi aradan qaldıraq. Həddən artıq diqqətli və ciddi olmalıyıq”.
- Yeni transferlərdən razı qaldınızmı?
- Hər ikisi təcrübəli futbolçudu. Nə desəm düz çıxmaz. Bir oyuna görə qiymət vermək olmaz. Futbolçu mövsümboyu özünü formada saxlamalı, daha çox çalışmalıdı. Amma oyun intizamlarından razı qaldım. Nə tapşırmışdımsa, onu yerinə yetirdilər. Onlar meydanda olanda da sistem pozulmadı.
- Rəşad Sadıqovun zədəsi nə yerdədi?
- Sabah dəqiq deyə bilərik. Dizində bir az problem yarandı.
- Bu heyətlə maksimum hədəfiniz nədi?
- Biz hər turnirdə maksimum nəticə əldə etməyə çalışırıq. Həmişə istəmişəm ki, əlimdə daha çox futbolçu olsun. Təkcə transferlərə görə yox, əlimizdə olan oyunçularla daha yaxşı nəticə əldə etməyə çalışacağıq. Çempionlar Liqasında zəif komanda yoxdu, çox ciddi turnirdi. Burda hər komanda öz ölkəsinin çempionudu. İstənilən oyunda istənilən nəticə baş verə bilər. Maksimum hədəfimizə gəlincə, Çempionlar Liqasında qrupa düşmək üçün mübarizə aparacağıq.
- Futbolçu ikən Gürcüstanda bir mövsüm “Mertsxali” klubunda oynamısınız. Ora gedəndə sabiq komanda yoldaşlarınızla görüşmək fikriniz varmı?
- Təəssüf ki, heç kim yadımda qalmayıb. Ünvanlarını da bilmirəm. Bu sualdan sonra yəqin ki, yadlarına düşərəm və yaxınlaşarlar. Çox istərdim ki, onlarla görüşüm. Amma görəndə tanıyaram. Həmin heyətlə maraqlanacam ki, kimlərlə görüşə bilərəm. 26 il az vaxt deyil. Ümid edirəm ki, sabiq komanda yoldaşlarımdan kimləsə görüşmək imkanım olacaq.