2024.04.29 - 22:35
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, aprelin 29-u saat 21 radələrində Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Eynulla Sahabqulu oğlu Əhmədovun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.
Araşdırma aparılır.
***
Aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Göyçay rayon prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır.
Kamal Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.