Son xəbərlər

 
Məktəblinin intiharı ilə bağlı həbslər ola bilər














Cəsarət Valehov: “Bu prosesdə günahı olan hər bir şəxs cəzalandırılacaq”; Çingiz Qənizadə: “Belə insanlar pedaqoji fəaliyyətdən kənar olmalıdır”

Bakı şəhəri 162 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyevanın özünü sinif otağından yerə atması, daha sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişməsi ölkə gündəmini zəbt edib.

Hazırda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb. Həmçinin Bakı Şəhər Prokurorluğunda müvafiq istintaq tədbirləri həyata keçirilir. Paralel olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi də araşdırma aparır. Son olaraq, 162 nömrəli tam orta məktəbin direktoru Abbasova Sevinc Kamil qızı işdən kənarlaşdırılıb. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Sevinc Abbasovanın məktəbdən kənarlaşdırılması baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurət kimi izah edilib. Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

Qeyd edək ki, hadisə baş verdikdən iki gün sonra onlayn mediada məktəb direktorunun səs yazısı yayılmışdı. Jurnalistə açıqlama verən direktor intihar edən gənc qızın ailəsini təhqiramiz sözlərlə ittiham etmiş, problemin ailədən qaynaqlandığını bildirmişdi. Movqe.az-ın verdiyi məlumatda isə daha dəhşətli bir fakt qeyd olunub.

Təhsil eksperti Kamran Əsədov sayta məlumat verib ki, məktəbin direktoru Sevinc Abbasova Elinanın intiharı barədə dərhal təcili və təxirəsalınmaz tibbi yardıma müraciət etməyib: “Elina intihar edəndən sonra iki saat o yerdə qalıb. Bu barədə mənə məktəbdən etibarlı mənbə məlumat verib. İki saatdan sonra təcili və təxirəsalınmaz tibbi yardıma müraciət edilib. Hadisədən şok yaşayan məktəb rəhbərliyi həyəcandan necə davranacağını bilməyib. İki saatdan sonra təcili yardıma müraciət edildiyindən, qızcığazın həyatını qurtarmaq da, görünür, mümkün olmayıb. Vaxtında həkimə müraciət edilsəydi, bəlkə də Elina yaşayacaqdı. Bu fakt mütləq prokurorluq tərəfindən araşdırılmalıdır”.

Movqe.az saytı daha bir ilginc xəbər yayıb. Belə ki, sayta danışan Elinanın anası Sevil Hacıyeva bildirib ki, direktor Sevinc Abbasosa qızının intiharına dair danışmaması üçün ona Badamdarda torpaq sahəsi təklif edib, ana isə direktoru evindən qovub…

Çox güman ki, bütün bu detallar aparılan araşdırmaların nəticələrinə görə hüquqi qiymətini tapacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Yeni Müsavat”a açıqlamasında hadisə ilə bağlı aparılan araşdırmalar barədə məlumat verdi: “Bu hadisə ilk gündən Təhsil Nazirliyinin diqqətindədir. Həm araşdırmaların aparılması, həm də rəhmətə gedən şagirdin müayinə və müalicə olunması ilə bağlı tədbirlər görüldü. Ancaq çox təəssüf ki, məktəbli dünyasını dəyişdi. Bundan sonra istintaqın aparılması ilə bağlı həm prokurorluq, həm də Bakı Şəhər Təhsil İdarəsi birgə bəyanat yaydılar. Şübhəsiz ki, bu prosesdə günahı olan hər bir şəxs cəzalandırılacaq. Hadisə hüquqi qiymətini alacaq, tam ədalətli şəkildə yekun qiymət veriləcək”.

C.Valehov da vurğuladı ki, aprelin 8-də təhsil nazirinin müvafiq əmri ilə baş vermiş hadisə ilə bağlı işin daha geniş araşdırılması, bu prosesin obyektivliyinin təmin olunması məqsədilə məktəb direktoru Abbasova Sevinc araşdırma müddətində işdən kənarlaşdırılıb: “Onun yerinə başqa bir şəxs təyin olundu. Burada əsas məsələ odur ki, bir insan ölümü baş verib və biz ürək ağrısı ilə bu prosesləri aparırıq. Düşünürük ki, faciə baş verib, bu faciə böyük iz qoyur”.

Gələcəkdə bu kimi hadisələrin yaşanmaması üçün görülən tədbirlərə gəlincə, C.Valehov bildirdi ki, məktəblərdə mənəvi-psixoloji mühitin daha da gücləndirilməsi, məktəb rəhbərliyinin bilavasitə təhsil alanlarla mütəmadı və davamlı surətdə əlaqədə olması, yaranan problemlərin önlənməsi üçün vaxtaşırı işlərin görülməsi prioritet məsələlərdir: “Bununla bağlı davamlı iş aparılır, sənədlər qəbul olunur, bu sənədlərdə nəzərdə tutulan müddəalar icra olunur. Artıq 3 ildən çoxdur ki, Təhsil Nazirliyinin bilavasitə təşəbbüsü ilə ”Məktəblinin dostu” layihəsi yaradılıb. Bu layihə 30-dan çox məktəbi əhatə edib, bilavasitə məktəbdə stabil psixoloji mühitin bərqərar olunması valideyn-məktəb münasibətlərinin daha da sıxlaşdırılması, şagirdlərin müəllimlərlə ünsiyyətinin daha da sağlamlaşdırılması, daha da istiləşdirilməsi baxımından çoxsaylı işlər aparılıb. İndiyədək məktəb mühiti üçün neqativ sayılan hallar aradan qaldırılıb. Bu bizim diqqətimizdə olan məsələdir. Bundan sonra da bu məsələyə diqqət yetirilməsi bizim üçün prioritet sayılacaq”.

Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlmasında bildirdi ki, bu məsələdə direktorun məsuliyyəti nəzərə alınmalıdır: “Bu cür insanın məktəb direktoru olmasına aidiyyəti qurumlar necə razılıq veriblər, başa düşmürəm. Əgər həqiqətən də o səs yazısı həmin məktəb direktoruna aiddirsə, buna təəssüf edirəm. Təəssüf ki, balalarımıza təhsil verən məktəbdə bu cür insanlar çalışırlar. Günahı başqasında axtarmaq üçün bir ailənin xanımına, rəhmətə gedən uşağın anasına əxlaqsız deyən, onun haqqında şayiələrin yayılmasına rəvac verən bir adama pedaqoq demək mümkün deyil. İndi həmin direktor müvəqqəti olaraq, yəni araşdırma bitənədək rəhbərlikdən uzaqlaşdırılıb. Mən isə hesab edirəm ki, istintaq bu məsələni obyektiv və hərtərəfli araşdırarsa, məktəb direktoru məsuliyyət də daşıya bilər. Belə insanlar pedaqoji fəaliyyətdən kənar olmalıdır”.

İntihar edən uşağın anasının ikinci dəfə ailə qurması məsələsinə gəlincə, deputat bildirdi ki, heç bir qadın istəməz ki, ailəsi dağılsın və ikinci dəfə ailə qursun: “Əgər insan ikinci dəfə ailə qurubsa, ona əslində ”sağ ol” deyilməlidir. Çünki bu qadın normal ailə qurub və körpə uşaqlarını normal ailədə dünyaya gətirib. Təəssüf ki, ailəyə qarşı bu sözlərin deyilməsi yolverilməzdir”.

Deputat məktəbdə psixoloqların fəaliyyətinin də yetərsiz olduğunu vurğuladı: “Mən hesab edirəm ki, bizim təhsil qurumlarındakı psixoloqlar formal xarakter daşıyırlar. Onların adı var, özləri isə faktiki olaraq fəaliyyət göstərmirlər, şagirdlərlə, onların valideynləri ilə iş aparmırlar. Lazım gələndə şagirdlərin ailələrinə qonaq olub, onların hansı şəraitdə yaşaması ilə tanış olmurlar. Bu da bizim problemli tərəflərimizdən biridir. Ananın hüquqlarına gəlincə, bu uşağı intihar həddinə çatdıran insanlar istintaq orqanları tərəfindən başlanmış cinayət işi çərçivəsində müəyyən olunmalıdır. Hələ ki istintaq gedir. Kənar fikirlər səsləndirməklə istintaqa mane olmaq doğru olmaz. Ümid edirik ki, obyektiv və qərəzsiz istintaq aparılacaq və hər kəs layiqli cəzasını tapacaq. Söhbət kiminsə həbs olunmasından getmir, kimlərsə pedaqoji fəaliyyətdən uzaqlaşdırılacaq, rəhbər vəzifəsini itirəcək. Əgər hansısa psixoloq öz vəzifəsini yerinə yetirmədən, sadəcə, əmək haqqı alırsa, bunlar da araşdırılmalıdır. İntihar edən uşağın rəfiqəsi də açıqlama verdi ki, dəfələrlə onun təhqirə məruz qalması ilə bağlı məktəb rəhbərliyinə müraciət olunub. Rəhbərlik bu barədə məlumatlı olub, ancaq heç bir iş görməyib. Bütün bunlar araşdırılmalıdır”.
18 Fevral 2025 Bank kartlarından oğurluq edən şəxs saxlanıldı
17 Fevral 2025 Nazirlik əməkdaşı özünü güllələdi
12 Fevral 2025 Kişi təmizlik edərkən yuyucu tozdan zəhərlənib öldü
11 Fevral 2025 Dörd qadın futbolçunu ildırım vurdu
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı