Narkotik aludəçisi içində anası və iki qızı olan evi yandırdı

Türkiyədə narkotik aludəçisi içində anası və iki qızı olan evi yandırıb.

Sondakika.com-un məlumatına görə, hadisə Adana şəhərində baş verib.

Şahidlər bildirib ki, hadisədən əvvəl ana və oğul arasında mübahisə olub. Daha sonra o, evi də yandıraraq hadisə yerindən qaçıb.

Yanğın zamanı binadakı digər evlər də ciddi zərər görüb.

Evi yandırılan qadın qeyd edib ki, o dəfələrlə oğlundan şikayət edib:

“Bizə əziyyət verir. Mən artıq bezmişəm”.

Həftənin ilk gününə olan hava proqnozu

17 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24,Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

17 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 12-15 dərəcə isti olacaq.

Xırdalanda motosiklet piyadanı xəstəxanalıq etdi

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Yolu keçən 1992-ci il təvəllüdlü Məmmədov Nurlan Qədir oğlunu hərəkətdə olan motosiklet vurub. Zərbənin təsirindən ağır bədən xəsarətləri alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır

Cəlilabadda damarlarını doğrayan gənc Bakıya gətirildi

Cəlilabad rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
Report xəbər verir ki, 1990-cı il təvəllüdlü Cəfərov Elmin Möhöbbət oğlu bıçaqla özunə çoxsaylı xəsarətlər yetirib.
Yaralı təcili yardımın köməyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı onda sol saidin çoxsaylı bıçaq kəsiyləri diaqnozu qoyulub.

Şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 24-26, Bakıda gecə 21-23, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 15-19 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Şahbaz Xuduoğlunun polislə bağlı videosuna DİN-dən cavab

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Çevik Polis Alayı əməkdaşlarının qapalı məkanlarda tibbi maskadan istifadə olunub-olunmamasına nəzarət üçün mətbəəyə girməsinə və çəkiliş aparmalarına etiraz edib. O, bununla bağlı həmin polis əməkdaşları ilə söhbətini videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mətbəədə yoxlanış zamanı polis əməkdaşları qanunvericiliyin tələblərinə tam formada əməl ediblər:

“Polis əməkdaşları xidməti vəzifəsini yerinə yetirib. Fərqi yoxdur, nəşriyyat olsun ya mağaza olsun, nəzarət qaydasında baxış keçirirlər ki, insanlar ictimai qapalı məkanda karantin qaydalarına əməl edirlər, ya yox. Bina şəxsi mülk olsa da, ora iş yeri, ictimai yerdir. Orada bəlkə də 50 nəfər işləyir. Polis əməkdaşları da çəkilişi sübut üçün ediblər ki, sonra həmin şəxslər etiraz edərək “maska taxmışdım, polis qanunsuz protokol tərtib edib” deyə bilərlər. Bu zaman sübut kimi videolar təqdim oluna bilər”.

E.Zahidov polis əməkdaşlarından birinin maska taxmamasının görüntülənməsinə belə münasibət bildirib: “Bir polis əməkdaşı qara, digər ağ maska taxıb. Videonun əvvəlində görülən görüntüdə isə polis əməkdaşı söhbət edən zamanı sosial məsafəni qoruyaraq maskanı çıxarıb, sözünü deyir, sonra yenə maska taxır”.  

Ata oğlunu güllələdi

Göygöl rayonunda oğlunu odlu silahla qətlə yetirməkdə təqsirli bilinən Yaşar Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xaqani Səmədovun icraatına verilib.

İş üzrə hazırlıq iclası avqust ayının 27-nə təyin olunub.

Qeyd edək ki, hadisə yanvar ayının 1-də rayonun Nadel kəndində baş verib.
Kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov oğlu - 1978-ci il təvəllüdlü Mahir Bayramovu taxıl sahəsində ov tüfəngindən 2 dəfə atəş açaraq qətlə yetirib.

O, hadisə yerindən qaçsa da, əməliyyat axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Bakıda istintaqa təhvil verilib.

Hadisəyə uzun müddət tərəflər arasında mübahisəyə səbəb olan evin M.Bayramov tərəfindən yandırılması səbəb olub.

Y.Bayramova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Bakıda avtobus yanıb külə döndü
Bu gün səhər saat 7 radələrində Bakı şəhərinin Xəzər rayonunda “Karsan” markalı, 99 JK 763 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yanıb.

Hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib. 

Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb.

Tovuzda həyəcan siqnalıAvqustun 12-də saat 15:45-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Tovuz şəhəri, Xəqani küçəsi ev 8 mənzil 26-da zirzəmidə mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan (boş) 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 12 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Rüşvət alan məmurların işi məhkəməyə göndərildi

Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi Məharət Əhmədov xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşdan istədiyi rüşvətin bir hissəsini alarkən cinayət başında yaxalanıb. Aparılmış istintaqla Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun digər məsləhətçisi Qaraş Şahmuradovun Məharət Əhmədovla qabaqcadan əlbir olub vətəndaşa sosial yardımın alınması istiqamətində kömək ediləcəyini bildirməsinə, nəticədə onun əlbir olduğu Məharət Əhmədovun vətəndaşdan ilk dəfə 400 manat, növbəti dəfə isə 600 manat olmaqla cəmi 1.000 manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla Qaraş Şahmuradovun Ağdaş rayon Telekommunikasiya qovşağında mühasib vəzifəsində işləyən Nigar Həsənovanın vasitəsilə vətəndaşdan sosial yardımın təyin olunması müqabilində 400 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək almasına da əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında Qaraş Şahmuradov 23 may 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə, Məharət Əhmədov isə həmin Məcəllənin 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və hər iki şəxs barəsində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin, Nigar Həsənova Məcəllənin 32.5, 311.1-ci (rüşvət almaya köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.