Son xəbərlər

Salyan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, müvafiq sərəncamla Etibar Hüseynov tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Etibar Hüseynov bu vəzifədə 2004-cü ildən işləyirdi.

Gəncədə cibgirlik edən qardaşlar saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinə marşrut avtobusunda şəhər sakini olan qadın sərnişinin cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Adıgözəlov və qardaşı U.Adıgözəlov müəyyən edilərək saxlanılıb.

Ə.Adıgözəlovdan “TOZ-8” markalı nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların şəhər ərazisində marşrut avtobusunda daha bir qadının mobil telefonunu, küçədə digər bir qadının cibindən mobil telefonunu, həmçinin bir evin həyətindən su mühərriki, rezin və dəmir borular, dəmir künclüklər, digər bir evdən isə təmir-tikinti alətləri oğurlamaları da müəyyən olunub.

Araşdırma aparılır.

Bu gün səhər saat 09:30-dan etibarən Abşeron rayonunun Saray qəsəbəsinə təbii qazın verilişində fasilə yaranıb.

Bu barədə Axar.az-a Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, fasiləyə səbəb qəsəbədən keçən magistral qaz kəmərində sızma aşkarlanmasıdır. Odur ki, mavi yanacaq təchizatı müvəqqəti olaraq dayandırılıb.

Hazırda qəzanın nəticələri aradan qaldırılır. İşlər başa çatan kimi qazın verilişi bərpa ediləcək. Fasilənin maksimum iş gününün sonuna qədər davam edəcəyi gözlənilir.

Qax rayon sakini, 1996-cı il təvəllüdlü Ülvi Cavid oğlu Mürüdov Bakıda itkin düşüb.

Axar.az Report-a istinadən xəbər verir ki, uzun müddətdir Bakı şəhərində işləyən 26 yaşlı Ü.Mürüdovdan artıq bir neçə gündür xəbər yoxdur. Yaxınlarının sözlərinə görə, Ü.Mürüdov dörd gün öncə Yasamal rayonunda kuryer kimi işlədiyi restorandan çıxıb, həmin gündən onu görən olmayıb.

Ü.Mürüdovu görənlərdən, yaxud onun barəsində məlumatı olanlardan 070-537-84-52 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Türkiyədə "Rafiq Masallınski" ləqəbli qanuni oğru Rafiq Yavər oğlu Eyvazov güllələnib.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, Rafiq Masallınski Türkiyənin Mersin şəhərində yaşadığı evin girişində vurulub.

Dörd güllə yarası alan qanuni oğru Mersin şəhər Xəstəxanasına yerləşdirilib.

Salyan rayonun Bəşirbəyli kənd sakini, 1993-cü il təvəllüdlü Pünhan Aslan oğlu Abbasbəyli hərəkətdə olan evakuatorun altında qalaraq ölüb.

Axar.az xəbər verir ki, hadisə rayonun Qaraçala kəndində qeydə alınıb.

Şirvan rayon sakini, 2003-cü il təvəllüdlü Bilal Bağırov idarəetdiyi evakutorla P.Abbasbəylinin üstündən keçib. Evakuatorun altında qalaraq ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Qeyd edək ki, P.Abbasbəylinin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə təhvil verilib.