![]() |
![]() |
Ş.Bağırov Pravda.az açıqlamasında deyib ki, o, təkcə Komissiyanı günahlandırmır:
“Ötən ilin noyabrın 28-də müdafiəm təyin olunmuşdu. Seminar uğurla keçdi. Bütün rəyçilər – dörd tanınmış elmlər doktoru və professor elmi işimə rəy verdi. 28 noyabradək avtoreferatlarım dünyanın 27 ölkəsinə göndərildi. Müdafiəyə hazırlaşırdım. Oktyabr ayında AAK-dan səs çıxdı ki, sizin elmi seminarınızı aparan məşhur kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov tarixçidir. Mən də bununla bağlı Famil Mustafayevin qəbulunda oldum. Dedi ki, əsasnamədə bu tələb var. Əsasnamədə göstərilib ki, seminar rəhbəri Müdafiə Şurasının üzvü olan, ixtisası uyğun gələn siyasi elmlər doktoru olmalıdır. Mən də dedim ki, rəyləri onsuz da ixtisasa uyğun adamlar veriblər. Seminar rəhbəri, sadəcə, moderatorluq edir. Mustafayevin cavabı bu oldu ki, rəylərə toxunulmadan, olduğu kimi saxlamaqla təkrar seminar keçirilsin, çəkilişdə və protokollarda seminarı aparan şəxsin siyasi elmlər doktoru olduğu əks olunsun. Mən bildirdim ki, axı İdarəçilik Akademiyasının Müdafiə Şurasının Elmi Katibi Sevda Əliyeva sizin razılığınızı alandan sonra seminar sədri Fuad Məmmədovu təyin etdi. O bildirdi ki, Əliyeva sizə yalan danışır, elə bir şey olmayıb. Əgər belədirsə, əlbəttə, mənim yox, elmi katib Sevda Əliyevanın günahı ucbatından bu hal baş verib. Əslində, həqiqətən də, hər bir iş İdarəçilik Akademiyasında AAK-la razılaşdırılır. Dövlət İdarəçilik Akademiyasının elmi katibi AAK ilə razılaşdırmadan heç bir addım ata bilməz. Nə oyundursa, birgə edirlər. Mən təkrar seminara getməyə razılaşandan sonra işimi yubatmağa başladılar. Ötən ilin oktyabrından 4 ay ötüb. Dövlət İdarəçilik Akademiyasında elmi katib Sevda Əliyeva guya mənim üçün bir nəfər seminar rəhbəri təyin edib - Kənan Allahverdiyev. O, heç birdəfəlik Elmi Şuranın üzvü deyil. AAK-ın təsdiq etdiyi Müdafiə Şurasında onun adı yoxdur, Elşad Mirbəşirin adı var. Sevda Əliyevanın onunla münasibəti yaxşı olmadığına görə E.Mirbəşirin adını çıxarıb, dövlət sənədində dəyişiklik edib. Kənan Allahverdiyevi isə kimdən soruşuramsa, haqqında müsbət heç bir söz deyilmir və mən bunun şahidi oldum. 6 aydır ki, mənim heç telefonuma cavab vermir. Onu normal reputasiyası olmayan insan kimi xarakterizə edirlər. Altı aydır ki, elmi katib Əliyeva ilə birgə bunlar məni barmaqlarına dolayıblar. Mən də bezmişəm, iyrənmişəm. Bu məsələdə təkcə günahkar AAK deyil. Əsas Dövlət İdarəçilik Akademiyasının Müdafiə Şurasının Elmi katibliyi günahkardır. Hamısı bir-birinin üstünə atır. Halbuki məndən sonra yüzüncü növbədə olan adamlar bir həftənin içində seminar da keçiriblər, müdafiə də edib, çıxıb gedirlər. Bunların maraqları nədir? Kənan Allahverdiyevdən rəsmi şəkildə imtina etmişəm, buna baxmayaraq onu zorla saxlayıblar. 1 saat onun üçün nədir ki, vaxt ayırıb seminar keçirmir?”
Ş.Bağırov onun yaşadığı problemlə digər alimlərin də üzləşdiklərini bildirib: “Tanıdığım narazı şəxslərin hamısı infarkt keçirib ölüblər. Təkcə mən yaşayıram hələ ki... AMEA-nın əməkdaşı Habil Həmidov “AAK Genosidi” adlı məqalə hazırlayırdı, çatdıra bilmədi, dünyasını dəyişdi. O, öləndən sonra diplomunu evinə göndərmişdilər. Mikayıl Əkbərov adlı bir alim də fəlsəfə doktorluğu diplomunu ala bilmirdi. AAK-da mübahisə edib evinə gəlibmiş. Ürəyi partladı, vəfat etdi. Böyük səs-küy oldu. Maraqlıdır ki, onun da diplomunu öləndən sonra yazıb, evinə göndərdilər. Bu hadisə AAK-nin indiki rəhbərliyinin dönəmində yox, Vəli Hüseynovun dövründə olub. İndi də narazılıq edənlər çoxdur”.