Son xəbərlər

 
Maydana görə Ukrayna öz suverenliyi bahasına cavab verməli, “ödəməli” oldu, hansı ki, bunu təkcə ukraynalılar yox, bütün dünya ictimaiyyəti aydın şəkildə müşahidə etdi, gördü. İndi də görünən odur ki, Qərb məhz Gürcüstandan da eyni “qiyməti”, eyni “ödənişi” etməsi üçün çalışır. Əgər gürcülər bunu tam zamanında, daha doğrusu indidən başa düşməsələr eyni aqibətlə qarşılaşmaq məcburiyyətində qalmalı olacaqlar, çünki ssenari eynidirsə, deməli, məntiqi olaraq, eyni sonluq da gözləniləndir.

Qərb Gürcüstana birbaşa təzyiq göstərməyə başlayıb və Tbilisidə də Maydan cəhdi artıq ortadadır

Bu həftə diqqət mərkəzində artıq Ukrayna yox, tamamilə başqa bir bölgə, yəni, Qafqaz, daha doğrusu Gürcüstan oldu. Bu da səbəbsiz deyil. Ona görə Gürcüstan diqqət mərkəzində oldu ki, həmin ölkə bir növ yenidən vətəndaş müharibəsi astanasında görünməkdədir. Son seçkilərdə heç kimin tələbinə boyun əymək fikrində olmayan hakim partiyanın ölkədə hakimiyyəti əlində saxlaya bilməsi Qərb üçün heç də qəbulolunan hesab edilməməsi fonunda əlbəttə ki, müdaxilələr diqqəti cəlb etməyə bilməzdi. Yəni, “Gürcü arzusu” partiyasının, hakim partiyanın məhz ölkənin suverenliyini qurban verməkdən imtina etməsi “şər qüvvələri” bir növ hərəkətə keçirib və ortada kənar bir oyunçunun suflyorluğu sayəsində qonşu ölkədə ara qarışıb, xaos da getdikcə artmaqdadır.

Müşahidələr belə göstərir ki, Qərb Gürcüstana birbaşa təzyiq göstərməyə başlayıb. Əsas təhdidlərin məhz Gürcüstanın Aİ-yə daxil olub-olmaması məsələsindən qaynaqlandığı da gizli deyil. Rəsmi Tbilisi açıq şəkildə, özü də qətiyyətlə bildirir ki, xarici şantaj və təhdidlər şəraitində Aİ-yə gedən yol gürcü arzusu deyil. Məsələ burasındadır ki, elə bundan sonra da ən “maraqlı” və üzdə aşkar bir proses start görtürür. Bəli, Tbilisidə də Maydan cəhdi artıq ortadadır. İddialara görə, vətəndaş etirazı çox sürətlə kütləvi iğtişaşlara çevrilir. Məhz 10 il əvvəl Ukrayna üçün yumşaqlığın nə ilə nəticələndiyini xatırladığı üçün, bu etirazları və iğtişaşları Gürcüstan hakimiyyəti olduqca sərt şəkildə yatırır. Maraqlıdır ki, bəzi məlumatlara görə, saxlanılanlar arasında Rusiyadan köçənlər də az deyil. Görəsən əvvəl bir ölkədə, indi də başqa ölkədə rejimə qarşı mübarizə aparmağa çalışanlar nə məqsəd güdə bilərlər? Yoxsa bu dəfə də Gürcüstan Avropmaydanı planlaşdırılır?

Rəsmi Tbilisi bərk ehtiyat edir və ölkənin arzuolunmaz vəziyyətə gətirilməsinin qarşısını almağa çalışır

Etirazların artıq Gürcüstanın böyük şəhərlərinə yayılması çox ciddi şəkildə həmin ölkədə narahatlıq doğurub. Tbilisinin küçələrində yenidən aqressiv izdihamın görünməsi artıq həyəcan təbili üçün əsas yaradır. Rustaveli prospektində “barrikadalar” yanırsa, deməli, vəziyyət artıq düşünüldüyündən də daha ağırdır. Hətta bundan da ağır olacağı düşünülür. Təsadüfi deyil ki, polis nümayişçiləri dağıtmağa başlayıb. İndi Gürcüstan polisi Azadlıq meydanından hərəkətə keçib və zəncir şəklində hazır vəziyyətdə düzülüblər. Onların plastik qalxanları da var və parlamentə doğru irəliləmələri heç də təsadüfi, yaxud səbəbsiz deyil. Görünür, Gürcüstan hökuməti çox ehtiyatlanır və qabaqlayıcı tədbirlərin görülməsini ən vacib hesab edir.

Xüsusən də təhlükəsizlik qüvvələrinin etirazçıları su şırnaqları və gözyaşardıcı qazla dağıtmaları vəziyyətin nə dərəcədə ciddi olduğundan xəbər verir. Xüsusi təyinatlıların etirazçıları Rustaveli prospektindən sıxışdırıb çıxarmağa başlaması, digər tərəfdən də onların gözyaşardıcı qazdan istifadə etmək qərarına gəlməsi onu göstərir ki, qonşu ölkə hakimiyyəti, rəsmi Tbilisi bərk ehtiyat edir və ölkənin arzuolunmaz vəziyyətə gətirilməsinin qarşısını almağa çalışır. Çünki hazırki hakimiyyət başa düşür ki, Qərb indi də məhz Gürcüstan üçün bir Maydan ssenarisi cızıb və məqsəd də eyni ilə Ukraynanın başına gətirilən halın təkrarlanmasından ibarətdir. Bunu isə təkcə Gürcüstanın yox, heç bir ölkənin, təbii ki, sabitliyi, stabilliyi ən vacib hesab edən heç bir ölkənin hakimiyyəti qəbul edə bilməz.

Ortada hamıya tanış olan rəngli inqilab ssenarisinin konturlarıdır

Etirazçılar da öz növbəsində polis əməkdaşlarını döyməklə, onlara qarşı qanunsuz davranmaqla, güc tətbiq etməklə cavab verirlər. Küçələrdə təkərlər, eləcə də zibil qutuları yandırılır və bununla da süni şəkildə, özü də “əvvəlcədən düşünülmüş” qorxulu bir mənzərə formalaşdırılır. Avtomobilləri aşıranlar da elə həmin mənzərəni daha “rəngarəng” etmək üçün bunu edirlər. Özü də hazır ssenarilərə uyğun olaraq edildiyi zərrə qədər də şübhə doğurmur. Qarşıdurmalar təxribatların fonunda baş verir. Bütün bunların məhz “Qərbin barmağı” olmadan baş verməsi qətiyyən mümkün hesab edilmir. Ona görə ki, ortada hamıya tanış olan rəngli inqilab ssenarisinin konturlarıdır.

 

“Xarici nümayəndələr zorakılığı pisləmirlər, əksinə, görünür ki, Gürcüstanın Ukraynaya çevrilməsini təşviq etmək niyyətindədirlər”, deyə Gürcüstanın baş naziri İrakli Kobaxidze özü də açıq şəkildə bildirib. Deməli, rəsmi şəkildə bildirilir ki, məqsəd heç də xoş niyyət deyil. Aydın şəkildə də görünür ki, Qərb elitası son seçkilərin nəticələri ilə, daha dəqiq desək, hakim "Gürcü arzusu" partiyasının qələbəsi ilə barışa bilməyib. Hətta Qərb liderləri açıq şəkildə də dəfələrlə bəyan ediblər ki, Gürcüstan Aİ-nin üzvü olmalıdır və belə çıxır ki, ancaq müstəqil ölkə kimi mövcud olması onlar tərəfindən heç də qəbul edilən deyil. Ona görə də aranı qızışdırmaq planı işə salınıb və Gürcüstan Avropmaydanı ssenarisinin artıq tətbiq edildiyi göz önündədir.

Brüsselin məhz Gürcüstandakı səsvermənin nəticələrini tanımayan qətnaməni təsdiqləməsi hər şeydən xəbər verir

“Bizim Aİ-yə inteqrasiyanı xeyriyyəçilik kimi qəbul etməyimiz qətiyyən qəbuledilməzdir və onlar Gürcüstandan bizim ləyaqətimizi inkar edən addımlar tələb edirlər”, deyə Kobaxidze xüsusilə vurğulayıb. Bəli, ötən həftə Brüssel Gürcüstandakı səsvermənin nəticələrini tanımayan qətnaməni təsdiqləyib ki, bu özü də gürcü baş nazirin dediklərini təsdiqləyir. “Avropa Parlamenti Gürcüstanda parlament seçkilərinin hər hansı şəkildə tanınmasını rədd edir və onların yenidən keçirilməsini tələb edir”, - deyə Qətnamədə qeyd olunursa, buna təxribat törətmək niyyətindən başqa ad vermək mümkün deyil.

“Bizim prioritetimiz Gürcüstanı Avropa İttifaqına üzvlüyə hazırlamaqdır və bunun üçün bizə dialoq lazımdır və ultimatumların dilində danışmamalıyıq”, deyən “Gürcü Arzusu”nun üzvü Maka Boçorişvili vurğulayıb ki, bunun özü də ölkənin daxili işlərinə qarışmaq cəhdlərinin cavabı olaraq, aydın və anlaşılandır. Amma bir çox rəsmilər də öz fikirlərini gizlətmirlər və açıq şəkildə bildirirlər. Məsələn, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, “Gürcüstan hökuməti Avro-Atlantik yoluna qayıtmalıdır”. Siyasətçilərin bəziləri şərt də qoymaqdan çəkinmirlər. “Siz sadəcə olaraq, həm Rusiya ilə əlaqələri saxlaya və həm də ölkənizin Aİ-nin bir hissəsi olacağını gözləyə bilməzsiniz və bu iki şeydən biri olmalıdır”, deyən Avropa diplomatiyasının keçmiş rəhbəri Josep Borrell də öz mövqeyini açıq şəkildə bildirib və qətiyyən gizlətmək istəməyib.

Qərb dirəniş göstərir və özünün ənənəvi ssenarisinə uyğun şəkildə Gürcüstan Avromaydanı niyyətini qətiyyən gizlətmir

“Ukrayna ssenarisi” artıq ortadadır. Heç nədən çəkinmədən indi nümayişçilər təhlükəsizlik qüvvələrinə qarşı “atəşfəşanlıq” edirlər. Onlar tüstü bombaları və daşlar atırlar, eyni ilə on il əvvəl Ukraynada baş verən etirazçılar kimi. “İsti geyinin, çətir, çay, qəhvə, yaxşı əhval-ruhiyyə və dostlar götürün”, deyə çağırışlar edilir. Bax elə Avromaydan da belə başlayır. Təxribatların ardınca da Qərb kuratorlarının ciddi rəhbərliyi altında çevriliş baş verir. Budur ssenari və bunu Gürcüstan hakimiyyəti bir zamanlar çox yaxşı müşahidə etdiyi üçün hadisələrə olduqca ciddi yanaşır.

“Qərb mövcud hökuməti yıxmaq üçün müxtəlif mexanizmlərə əl atacaq və ikili standartlardan istifadə edərək bunu edəcəklər, çünki onlar ikili standartların tərəfdarıdırlar”, deyə Sülh Naminə Həmrəylik Partiyasının beynəlxalq katibi Mamuka Pipia bildirib. Bəli, o haqlıdır. Bilir ki, etirazlar Qərbdən, ABŞ və İngiltərədən gələn pullarla reallaşdırılır. Onlar üçün isə heç də haqq-ədalət, qanunun aliliyi nəzərə alınmır və istədiklərini doğru, etdiklərini ədalətli, törətdiklərini də qanuni hesab edirlər, bunun üçün də bütün əməllərə, xüsusən də ikili yanaşmaya əl atırlar. Etirazlara da müxalifət partiyaları və Salome Zurabişvilinin rəhbərlik etməsini doğru sayırlar, çünki öz məqsədləri üçün sərfəli bilinir. “Qanuni parlament legitim prezident seçənə qədər mən prezident olacağam”, deyən Zurabişvili məhz Qərbin dəyirmanına su tökür. Məsələ burasındadır ki, yeni qaydalara görə, Gürcüstan prezidentini Seçicilər Kollegiyası təyin etməlidir. Namizəd Zurabişvilinin adı isə heç siyahıda da yoxdur. Amma “Gürcü arzusu”ndan Mixail Kavilaşvilinin adı var. “Partiyanın birliyini sarsıtmaq mümkün olmayacaq”, deyə Kavilaşvilinin bildirməsi isə onu göstərir ki, Gürcüstanın mövcud hakimiyyəti hələ ciddi müqavimət göstərir və qətiyyən kənar müdaxiləni qəbul etmir. Bəli, əslində, Gürcüstan öz müstəqillik hüququnu müdafiə etməyə çalışır və ona hörmətlə yanaşmağı tələb edir.

Sözsüz ki, Gürcüstan hakimiyyətinin hərəkətlərinin nə dərəcədə ardıcıl olacağından çox şey asılıdır. Qərarsızlığın istənilən təzahürü ən ağır nəticələrə gətirib çıxara bilər. Ən azından ölkə etiraz dalğası ilə qarışdırılmaqla məhvə sürüklənə bilər. Amma hələlik hakim partiya öz mövqeyindədir və qanunu, asayişi, müstəqilliyi hər şeydən üstün tutur. Lakin Qərb də dirəniş göstərir və özünün ənənəvi ssenarisinə uyğun şəkildə Gürcüstan Avromaydanı niyyətini qətiyyən gizlətmir...

11 Aprel 2025 Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və sülhün təminatçısı
09 Aprel 2025 "Bu il alçanın qiyməti ötən illərlə nisbətən bir qədər aşağı düşəcək” - İQTİSADÇI AÇIQLADI
07 Aprel 2025 "Azərbaycan həmişə İranla münasibətlərinin inkişafına üstünlük verib" - ŞƏRH EDİLDİ
07 Aprel 2025 “Xarici qüvvələr onlardan alət kimi istifadə edir” - MÜNASİBƏT BİLDİRİLDİ
07 Aprel 2025 Enerji təhlükəsizliyində uğurlu layihə
03 Aprel 2025 Şərurlu İsfəndiyar məhkəməyə verildi
03 Aprel 2025 Aprel döyüşləri Zəfər qələbəsinin təməlini qoydu
03 Aprel 2025 Azərbaycan-Almaniya əlaqələrində yeni mərhələ
02 Aprel 2025 Bakıya Yaşıllıq Gətirən Rəhbər – Mirdamət Seyidovun Fəaliyyəti
18 Mart 2025 Peşə Təhsilinin Ziyalı Rəhbəri – Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin Direktoru Şahin Məhərrəmov
17 Mart 2025 "Aİ bu uğursuzluğunu Ermənistan vasitəsi ilə kompensaziya edir" - POLİTOLOQ AÇIQLADI
17 Mart 2025 Azərbaycan buğda idxalını 40 %-ə yaxın artırıb
17 Mart 2025 Azərbaycan Kitabxanaçılığının Fəxri – Professor Kərim Tahirov
17 Mart 2025 Yol İnfrastrukturunun İnkişafına Töhfə – Ramil Bayramov
17 Mart 2025 Qlobal dəyişikliklər və Azərbaycanın diplomatik uğurları
14 Mart 2025 Bildiyimiz dünya nizamı artıq mövcud deyil - İlham Əliyev
14 Mart 2025 Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident
14 Mart 2025 XII Qlobal Bakı Forumu: Geosiyasi və strateji hədəflər
14 Mart 2025 Kamaləddin Qafarov: “Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir”
12 Mart 2025 Azərbaycan-Şimali Makedoniya: ikitərəfli münasibətlərdə yeni mərhələ
12 Mart 2025 Rübail Məmmədov: Xeyriyyəçi Sahibkar, Şadlıq Sarayı Rəhbəri və Vətəndaşlıq Borcunu Yerinə Yetirən Dəyərli Şəxs
11 Mart 2025 "Məsələ ilə bağlı mövqeyimiz qətidir və birmənalıdır" - ŞƏRH EDİLDİ
11 Mart 2025 Xan qızı Natavanın kötücəsi -Aqiyə Naxçıvanlının ömür yolu
10 Mart 2025 Azərbaycan mədəniyyətinin parlaq səhifəsi - Milli Teatr Günü
08 Mart 2025 Kamaləddin Qafarov: “Qadınlarımız cəmiyyətdə mühüm rol oynayır”
07 Mart 2025 Azərbaycan qadınları cəmiyyətin inkişafına fədakarcasına xidmət edirlər
06 Mart 2025 Azərbaycanda Novruz adət-ənənələri necə icra olunur ? - ŞƏRH EDİLDİ
05 Mart 2025 Mübarək Ramazan ayının əsl mahiyyəti nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
05 Mart 2025 “Verilişlər əsəb, ürək bulantısı gətirir” - MÜNASİBƏT BİLDİRİLDİ
03 Mart 2025 İynə ilə böyüdülmüş broyler yoxsa kənd çolpası? - Qida tədqiqatçısı DANIŞDI