
“Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”, “Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağ xalatlı həkimlər”, “Aylı gecələr”. Çoxları onu bu şeirlərinə yazılmış mahnılardan tanıyıb. Onun şeirlərinə yazılmış yüzlərlə mahnı dillər əzbəri olub, klassikaya çevrilib və indinin özündə də sevilə-sevilə dinlənilir.
Söhbət görkəmli şair İslam Səfərlidən gedir. O, 1923-cü il fevral ayının 12-də Naxçıvanın Şəkərabad kəndində anadan olub. İslam Səfərli ilk təhsilini həmin kənddə alıb, sonra Naxçıvan şəhərindəki 1 nömrəli məktəbdə oxuyub. Müharibə illərində 416-cı atıcı diviziyanın sıralarında şərəfli döyüş yolu keçən İslam Səfərli azərbaycanlıların alman faşizminə qarşı mübarizədə göstərdikləri şücaəti şair və publisist kimi vəsf edib.
İslam Səfərli yaradıcılığında Azərbaycanımızın bütöv bir xəritəsi canlanır. Bu xəritədə ölkənin şəhərlərinin, kəndlərinin, təbii gözəlliklərinin, axar-baxarlı mənzərələrinin, dağlarının, meşələrinin, çaylarının, göllərinin təsviri əsl təbiətsevər kimi böyük vətənpərvərliklə vəsf edilib. Azərbaycanın elə bir dilbər guşəsi yoxdur ki, İslam Səfərli poeziyasında “öz rəngini, öz boyasını” tapmamış olsun.
Torpağın ətrini sinəmə çəkdim,
Dodağım gül açdı,
Ürəyim çiçək.
Xəzər sahilində bir çinar əkdim,
Söyüdlər nazlandı
Gülümsəyərək.
Dəniz mahnısını oxudu sanki,
ətəyi ləpəli, qırçınlı Bakı...
Kükrədi ilhamım, qaynadı qanım,
Sənə qurban olum Azərbaycanım.
Təkcə bu bir bəndin təhlilinə varsaq, bir daha görərik ki, İslam Səfərli yaradıcılığına yalançı vətənpərvərlik yaddır.
İslam Səfərli Azərbaycanın zəngin poetik xəzinəsindən istifadə edərək nəğməkar şair kimi qələmini müxtəlif sahələrdə sınayıb, yazdığı şeirlərə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnib. O eyni zamanda Azərbaycan ədəbiyyatında görkəmli dramaturq kimi də tanınıb. XX əsrin ortalarında Azərbaycan dramaturgiyasında ictimai motivlərin, cəmiyyətdən gələn mövzuların içərisində mənəviyyat məsələlərini həll etməyə doğru addımların atıldığı bir vaxtda İslam Səfərli yazdığı dram əsərləri ilə haqqı, ədaləti ön plana çəkib, ədəbiyyatda sinfi mübarizəni mənəvi mübarizə ilə əvəz edib. Böyük ustadın qələmə aldığı “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcında” və digər pyesləri Azərbaycan teatrının repertuarını yeni mövzularla zənginləşdirib.
Tərəddüd etmədən demək olar ki, heç bir sənətkar yaradıcılığında (Bəhruz Kəngərli istisna olmaqla) İslam Səfərli qədər Naxçıvan mövzusuna yer ayırmayıb. Təkcə bu mövzuda şairin otuzdan çox sayseçmə şeiri vardır ki, o şeirlər qırx-əlli il bundan əvvəl yazılmasına baxmayaraq, bu gün də öz sənət təravətini qoruyub saxlamaqdadır.
Naxçıvanın dilbər guşələrindən olan Batabat yaylağına həsr edilmiş “Batabat bulağı” şeirində təbiətlə insan fərdiyyəti arasında böyük bağlılıq var.
Sənətin ən böyük uğuru insanlara həyat eşqi aşılamaq, onu həyata bağlamaq missiyasını yerinə yetirməsindədir. Şairin bilavasitə Naxçıvanın qəhrəmanlıq tarixinə həsr etdiyi və dillər əzbəri olan “Mən” adlı şeirində biz həmçinin şair eşqinin, düşüncəsinin bariz nümunəsini görə bilərik:
Seyrinə çıxmışam elin, obanın,
Alıcı bir tərlan balasıyam mən.
Bizim parçalanmış Azərbaycanın
Araz tək sağalmaz yarasıyam mən.
İgidlik yaşadır məğrur insanı,
Burda babaların axmışdır qanı.
Qədim Naxçıvanın polad qalxanı,
Yenilməz Əlincə qalasıyam mən.
“Gilan şəhəri haqqında ballada” şeirində də Naxçıvanın keşməkeşli tarixindən söz açan şair xəyallar, düşüncələr vasitəsilə dünənin canlı lövhələrini yaddaşlara köçürür:
Gör nə deyir qərinələr:
Viranədir Gilan şəhər.
Dərəyə en, təpəyə qalx,
Xərabələr qalaq-qalaq...
...Hər kərpicdə yazı durur,
Çoxu gedib, azı durur.
İslam Səfərli 1974-cü il noyabrın 6-da, 51 yaşında vəfat edib. Ancaq onun nəşi noyabrın 9-da dəfn olunub. Bəs İslam Səfərlinin nəşini nə üçün ölümündən iki gün sonra dəfn ediblər.

Görkəmli şairin bacısı oğlu, rəssam Əli Səfərli Moderator.az-a verdiyi açıqlamada həm İslam Səfərlinin yuxarıda qeyd etdiyimiz yaradıcılığı haqqında danışıb, həm də bu məsələyə aydınlıq gətirib. O deyib: “Noyabr ayının 6-sı axşam İslam Səfərli vəfat etdi. Sabahı gün o zaman təntənə ilə qeyd edilən Böyük Oktyabr Sosialist İnqilabının baş verdiyi gün - 7 noyabr idi. Ölkəmizin görkəmli şairlərinin, alimlərinin, sənət adamlarının əksəriyyəti böyük şairlə vida mərasimində iştirak etmək istəyirdilər. Ancaq 7 noyabrda geniş parad olurdu və hamı da orada iştirak eləməli idi. Adamlar çarəsiz qalmışdı. O zaman Azərbaycanın rəhbəri olan Heydər Əliyev zəng edərək başsağlığı verdi və xahiş etdi ki, mərhumun dəfnini mümkünsə bir gün yubadaq. Çünki bütün hökumətin və xalqın başı 7 noyabra qarışıb. Belə bir sənətkarı son mənzilə sevdiyi xalq izdihamla yola salmalıdır. Sözsüz, bunu ancaq Heyər Əliyev kimi hər bir sənətkarın qədrini yaxşı bilən bir insan edə bilərdi. Belə də oldu. O, Fəxri Xiyabanda əsl xalq şairinə layiq şəkildə dəfn edildi”.
İslam Səfərlinin vəfatından 43 il keçir. O, heç vaxt yaddan çıxmır. Biz böyük şairin şeirlərinə bəstələnmiş mahnılara hər qulaq asanda İslam Səfərlini yada salırıq.