![]() |
![]() |
Ermənistanın Avropa Birliyi ilə “tərəfdaşlıq müqaviləsi” imzalamaq istəməsi daha çox deklorativ xarakter daşıyır və real əsaslara söykənmir.
Bu barədə Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə danışıb. Ekspert bildirib ki, Ermənistan həmişə NATO-ya meyilli olub və bunu heç vaxt gizlətməyib:
“Ancaq bunun müəyyən sərhədi var ki, onu da Rusiya təyin edir. Ona görə də Ermənistan tərəfindən NATO-ya, yaxud da Avropa Birliyinə tərəf aparılan kursun konkret çərçivələri var. Ermənistanla Avropa Birliyi ilə arasında tərəfdaşlıq haqqında saziş daha çox deklorativ xarakter daşıyan bir sənəd olacaq. Çünki bunun praktiki əhəmiyyəti yenə də Rusiyanın iştirakıyla Ermənistanın qatıldığı təşkilatlarla məhdudlaşdırılıb. Əgər Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olubsa və birliyin tam üzvüdürsə, İrəvan mütləq onun şərtlərinə əməl etməlidir. Bu şərtlərdə konkret göstərilir ki, Ermənistan hansı tərəfdaşlarla daha sıx münasibət qura və hansı layihələrdə iştirak edə bilər. Hesab edirəm ki, burada Ermənistan üçün əsas oyunçu Rusiya görünür. Rusiya hazırda Qərbin sərt sanksiyaları altındadır və bu təsiri azaltmağa çalışır. Moskva bunun üçün də öz tərəfdaşlarıyla olan siyasətindən istifadə edir.
Əlbəttə ki, Ermənistanın bu addımları Rusiyada birmənalı qarşılanmır. Ancaq Moskva çox gözəl başa düşür ki, İrəvan müstəqil hərəkət edə bilməz”.
Politoloq qeyd edib ki, əgər Ermənistan Avropa Birliyi ilə hansısa ciddi bir sənəd imzalasa və bu fonda Avrasiya İqtisadi Birliyi ilə ziddiyyətlər yaransa, Moskva bunu açıq və sərt şəkildə İrəvana bildirəcək:
“Beləliklə, Ermənistan Avropa Birliyi ilə “tərəfdaşlıq müqaviləsi”ndən mütləq şəkildə imtina etməli olacaq. Ona görə də burada müəyyən arxayınçılıq var. Putinlə Sərkisyanın görüşündə də çox güman ki, bu məsələ müzakirə olunub. Sərkisyan müstəqil addım ata bilməz və zənnimcə, bununla bağlı Rusiyadan razılıq alıb. Moskva da Sərkisyanı bu sazişdə Rusiyaya, yaxud da Avrasiya İqtisadi Birliyi ilə bağlı hansısa ziddiyyətlərin olmadığına əmin edib. Buna görə də Ermənistan indi sərbəst hərəkət edir və Brüssel sammitində Avropa Birliyi ilə tərəfdaşlıq haqqında sazişin imzalanacağına dair bəyanatlar verir”.
Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi və “Putin NATO-su”nun (KTMT) üzvü olan Ermənistan bir müddət öncə Gürcüstanın Vaziani hərbi poliqonunda NATO-nun “Noble partner” (“Layiqli tərəfdaş”) hərbi təlimlərinə qatılmışdı. İşğalçının “balanslı” siyasət yürütmək və növbəti dəfə NATO-nun Gürcüstanda “Agile Spirit 2017” adlanan hərbi təlimlərinə qatılmaq cəhdləri Moskvanın sərt reaksiyası səbəbindən boşa çıxmışdı.
Lakin bunun üstündən çox keçmədən Ermənistan XİN rəhbəri Edvard Nalbəndyan Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyini açıqlayıb. O bildirib ki, noyabrda keçiriləcək Brüssel sammitində Ermənistanla Avropa Birliyi arasında tərəfdaşlıq haqqında sazişin imzalanması mühüm nailiyyət ola bilər.