Tanrı ölüm hökmü kəsib
doğulmaq günahımıza –
deyən şairin bir gün öləcəyini düşündükcə həyatı yenidən çək-çevir etmək lazım gəlir.
Demək, doğrudan da dünya fanidir, insanlar bir göz qırpımında xəstələnə, səsləri öləziyə, gözlərindəki işıq sönə bilərmiş.
Və gedə bilərmiş adamlar...
İlahi, bir gün Salam Sarvan da bu dünyadan köçəcək...
Necə də kədərlidir, bir gün içimizdə “Salam, sağ ol” deyəcəyik.
O maraqlı, o böyük şair, o ziddiyyətli adam da tərk edəcək bizi. Bir yanımız da bu cür boş qalacaq. Onun ölümündən sonra şeirləri daha böyük görünəcək gözümüzə, birgə günlərin hənirtisi bədənimizdə daha rahat duyulacaq, deyib-gülməklər, yeyib-içməklər... onlar yox, onlar düyünlənib boğazımızda qalacaq.
Gələ bilməyəcəm sənnən görüşə,
bu gün vaxtım yoxdu, bu gün ölürəm, -
gün gələcək, görüşümüzə gələ, görüşünə gedə bilməyəcəyik.
“Qorxut uşağını Salam əmiynən” deyib, bizi də qorxutmaq istəyir Salam əmi!
Qorxutmasın!
Ağlamaqdan başqa nə qalır adama? Amma şair buna da söz deyir. Deyir ki, “adam göz yaşı içində, gəmi oynatmaz, ay uşaq!”
Görəsən, bu dünya bir Salama dəymədi?!
Ömrü boyu şeirlərdə ölümə ironiya edən, yanında ölüm gəzdirən şairin bu həqiqətləri adama elə belə məqamlarda daha aydın görünür:
Biz də ölərik, doğmam,
basdırarlar bizləri də.
Bir dəqiqəlik sükutnan
susdurarlar bizləri də.
***
Öləsən bir düşmən sevindirəsən...
***
Gör haçandı görüşmürük,
necəsiz, əziz dostlar?
İndi necə yaşayırsız,
necə ölürsüz, dostlar?
***
Hansı birini deyəsən? İndi onun bütün şeirləri ağı əvəzidir, özü də deyir, “mən ağı deməyin boşboğazıyam” - indi bu şeirlərin heç birini sevmək də olmur.
Əcəb ah çəkməli məqamdı: “Gəlimli-gedimli, Salamlı-sağollu dünya...”
Salam Sarvanı xəstə yatağında görməyə getmədim, getməyəcəm də. Dua etdim, bir adı da Salam olan Allahdan Salam Sarvan üçün ömür dilədim. Sonra da dodağaltı mızıldandım:
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla...