Rusiyanın işğalçı müharibəsinə qarşı Ukrayna xalqının dirənişi, mübarizəsi və misilsiz qəhrəmanlıqları Səməd Vurğunun “Ukrayna partizanları” şeirini gündəmə gətirib.
Kult.az xəbər verir ki, Səməd Vurğun 30 yanvar 1942-ci ildə qələmə aldığı bu şeiri alman faşizminə qarşı partizan savaşı aparan Ukrayna xalqının mübarizəsinə həsr edib.
Ukrayna partizanları
De, kimdir gecənin bağrını dələn?
Düşmənin üstünə ley kimi gələn?
Kimin qüdrətinə güvənir Vətən?
Kimdə sədaqət də, mərdlik də vardır?
O bizim qəhrəman partizanlardır!
De, kimin səsindən titrəyir dağlar?
Barmaqla göstərir onu uşaqlar?
Kimin yuvasıdır meşələr, bağlar?
Kimin hər zəfəri bir yadigardır?
O, bizim qəhrəman partizanlardır!
Kimdir qartal kimi qayada yatan,
Pəncəsi düşmənin gözünə batan?
De kimdir döyüşdə yüzə yüz atan?
De, kimin qalası sıx ormanlardır?
O bizim qəhrəman partizanlardır!
De, kimin yurdudur sünbüllü çöllər?
Kimindir banduru söylədən əllər?
Kimindir yanağı lalə gözəllər
De, kimin sevdası bir ilk bahardır?
O bizim qəhrəman partizanlardır!
De, kimdir düşmənə min tələ quran?
Tarasın qəbrində keşikçi duran?
De, kimdir Karmelyuk əlilə vuran?
Bizim ukraynalı qəhrəmanlardır,
O bizim qəhrəman partizanlardır!
De, kimdir adına qardaş dediyim?
Qəmimə, nəşəmə sirdaş dediyim?
De, kimdir vətəndaş, yoldaş dediyim?
Bizim Koroglu tək pəhləvanlardır.
Bizim ukraynalı partizanlardır!
Səməd Vurğun
1942-ci il, 30 yanvar