Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ABŞ-ın Alabama-Birmingen Universitetinin professorları Jozef Vud və Ann Baç ilə görüşüb.
Axar.az xəbər verir ki, qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor tələbələrə və müəllimlərə mühazirə oxuduqlarına görə onlara təşəkkürünü bildirib.
“İnanıram ki, bizim tələbələr və müəllimlər sizin kimi öz sahəsinin nüfuzlu alimlərindən bir çox vacib bilgilər alıblar. Əlbəttə, bu, tələbələrin mütəxəssis kimi formalaşmasına, müəllimlərin isə öz sahəsində daha da təkmilləşməsinə öz müsbət təsirini göstərəcək. Azərbaycan Dillər Universiteti geniş beynəlxalq əlaqələri olan ali təhsil ocağıdır. Bizim universitetdə 20 ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Ümid edirəm, sizin çalışdığınız Alabama-Birmingen Universiteti ilə də əməkdaşlığımız gələcəkdə daha sıx şəkildə davam edəcək, qarşılıqlı maraqlı layihələrimizdən tələbələrimiz və müəllimlərimiz faydalana biləcəklər”.
Akademik Kamal Abdulla qonaqlara “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarının müqayisəli tədqiqi layihəsini birgə həyata keçirməyi təklif edib. Rektor bildirib ki, bu, ADU-nun və Alabama-Birmingen Universitetinin alimləri üçün yeni elmi perspektivlər açacaq.
Professorlar Jozef Vud və Ann Baç ADU-da olmaqdan, tələbə və müəllimlərlə görüşdən məmnun olduqlarını bildiriblər. Universitetdən xoş təəssüratla ayrıldıqlarını deyən alimlər “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarının birgə öyrənilməsi təklifini müsbət qarşılayıb, təmsil etdikləri universitetdə bununla bağlı məsələ qaldıracaqlarını qeyd ediblər.
Görüş ədəbiyyatşünaslıq və linqvistikanın perspektivləri, inkişaf meylləri, tərcümə sənətinin müzakirəsi ilə davam edib.