HƏMAS-la danışıqlara yer yoxdur, HƏMAS terror təşkilatıdır, onların nizamnaməsində mövcud olma səbəbi kimi İsrailin aradan qaldırılmasından bəhs edilir.
Axar.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik APA-ya müsahibəsində deyib.
Səfir qeyd edib ki, HƏMAS-ın İsrail dövlətini məhv etməkdən və bölgədə şəriət qanunlarını tətbiq etməkdən başqa mövcud olmaq üçün hər hansı səbəbi yoxdur, onlar sülhpərvər tərəfdaş deyillər:
"Amma düşünürəm ki, ertəsi gün İsrail və Fələstin ərazilərindəki dinc tərəfdaşlar önə çıxacaq və fələstinlilərin hüquqlarını, həm də dövlətin təhlükəsizliyini təmin edəcək sülh yolu ilə həllə nail olacaqlar.
İsrail müstəmləkə layihəsi deyil, dünyanın bu hissəsində daimi bir varlıqdır və sülhün əldə edilməsi normallaşma və ölkələr arasında yaxşı münasibətlərlə dolu bir sülh rolu oynayacaq. Livan xalqı ilə bağlı mən bunu əvvəllər demişəm və yenə də deyirəm, sülh əldə etmək asan olmalıdır, çünki bizim heç bir münaqişəmiz, ərazi mübahisəmiz yoxdur, onlar bizim qonşumuzdur, buna görə də sülhə nail olmaq asan olmalıdır. Biz Misirin İsraillə sülh istədiyini görəndə sülh əldə etdik. Görəndə ki, İordaniya İsraillə sülh istəyir, yenə sülh əldə etdik. BƏƏ, Bəhreyn, Mərakeş, Sudan İsraillə barışmaq istəyəndə də biz sülhə nail olduq. Mən sizə zəmanət verirəm ki, İrandakı rejim süqut edən gün, həmin rejim regionun bütün ölkələri üzərində terror təsirini itirdiyi gün biz hər bir ölkə ilə sülh əldə edəcəyik. Səudiyyə Ərəbistanı ilə sülh bağlaya bilməməyimiz üçün heç bir səbəb yoxdur, mən inanıram ki, bu, gec-tez baş verəcək. Biz Suriya, Livan, İraq, Fələstin və digərləri ilə də sülh bağlayacağıq”.