Yeni ilin ilk günlərində Qazaxıstanda sıxılmış qazın qiymətinin iki dəfə qalxmasına görə başlayan etiraz aksiyaları silahlı münaqişəyə çevrilib. Prezident Tokayev maye qazın qiymətini endirsə, hökuməti istefaya göndərsə və aksiyaçıların tələblərini dərhal qarşılasa da, təxribatlar ölkənin əsas şəhərlərinə daha da şiddətləndi.
Xüsusilə Almatıda etirazçılar avtomat silahlarla hüquq-mühafizə orqanlarına hücum edirlər, strateji obyektləri ələ keçirir, yanğınlar, dağıntılar törədirlər. İndiyə qədər 13 polis ölüb, yüzlərlə yaralı var.
Tokayev artıq KTMT-dən yardım istəyib və rus desantları artıq Qazaxıstana göndərilib.
Axar.az dövlət rəsmilərinin və beynəlxalq ekspertlərin Qazaxıstandakı vəziyyətlə bağlı fikirlərini diqqətinizə çatdırır:
Dmitri Novikov, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini:
“Qazaxıstan Vaşinqtonun 21-ci əsrdə iki əsas rəqib adlandırdığı Çin və Rusiyanın taleyinə təsir etmək üçün Qərbin xüsusi xidmət orqanları və hökumətləri üçün maraqlıdır”.
Mərkəzi Asiya ölkələri üzrə ekspert Arkadi Dubnov:
“Qazaxıstanda vəziyyət Belarusdan daha təhlükəlidir. Söhbət təkcə qazdan getmir, hamı deyir ki, bunun siyasətlə əlaqəsi var. Qazaxıstanda hakimiyyət iki güc mərkəzi arasında ziddiyyət təşkil edir”.
Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko:
“Qazaxıstandakı etiraz aksiyaları respublikanın hazırkı hakimiyyəti üçün real təhlükədir. Açığı, bunun arxasında kimsə dayanır. Görünür, bütün bunlar ciddi nəticələrə gətirib çıxaracaq”.
Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti, Ali İqtisadiyyat Məktəbinin professoru Aleksey Makarkin:
“Hələlik Qazaxıstandakı kütləvi nümayişlərin arxasında heç bir elit oyunçu görünmür”.
Qazaxıstanlı politoloq Anton Buqayenko:
“İndiki vəziyyətdə hakimiyyətin hərəkətləri zəiflik kimi qəbul ediləcək. Görünür ki, hakimiyyət geri çəkilir. Üstəlik, ən pis ssenaridə - dövlət qurumlarının ələ keçirilməsindən sonra geri çəkilir. Hakimiyyətin bu cür hərəkətləri insanları daha ciddi tələblər irəli sürməyə vadar edə bilər”.
Qazax politoloq Marat Şibutov:
“Dövlət iflasa uğrayarsa, o zaman heç bir şey bərpa olunmayacaq. Ümumiyyətlə, biz qazax xalqı daha məntiqli olmalı və addımlarımızın nəticələrini düşünməliyik”.