Fransanın xarici nümayəndəliklərindəki 800 yüksək vəzifəli məmur ölkə prezidenti Emmanuel Makronun siyasətindən narahatdır.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin nəzdində iki bölmənin ləğvi ilə diplomatlar öz vəzifələrini tamamilə tərk etməyə hazırlaşırlar.
E.Makron ötən ilin aprelində ali dövlət xidmətlərinin yenidən təşkili ilə bağlı qərar imzalayıb və Fransanın xarici işlər üzrə məşvərət və səlahiyyətli departamentlərinin 2023-cü ildə bağlanacağını açıqlayıb.
Oktyabr ayında bu yüksək səviyyəli məmurların yeni yerə təyin ediləcəyi bildirilib. Sözügedən kadrlara nazirliklər arasında keçid imkanı verilsə də, əvvəlki vəzifələrini itirəcək diplomatlar qərara sərt reaksiya göstərirlər.
Noyabr ayında “Le Monde” qəzeti vasitəsilə açıq məktub dərc edən 150 diplomat, "Əgər biz diplomat təyin olunsaq, bu, xaricdə işləmək üçündür. Bir gün özümüzü Maliyyə Nazirliyində və ya Daxili İşlər Nazirliyində tapmaq üçün deyil", - deyə qeyd ediblər.