MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsi üzrə danışıqlar apara biləcəyini gözləmək sadəlövhlük olardı.
Bu sözləri Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Axar.az-a müsahibəsində deyib.
“Razılaşmalar artıq Soçidə əldə olunub və Brüsseldə bir daha təsdiqlənib. Müqavilələrin bütün təfərrüatı artıq geniş ictimaiyyətə məlumdur. İndi bir sual qalır: Ermənistan öz öhdəliklərini yerinə yetirməyə nə vaxt başlayacaq?
Nikol Paşinyanın son bəyanatlarına baxsaq, ehtiyatlı nikbinlik hiss olunur. Bəlkə indi İrəvan bu prosesə konstruktiv yanaşmanı həyata keçirməyə başladı...
Sankt-Peterburqda keçirilən sammitdən ictimayətə çox az informasiya gəlirdi. Sammit çərçivəsində Putin-Əliyev-Paşinyan arasında üçtərəfli görüşün olub-olmaması barədə də məlumat olmadı. Amma ola bilsin ki, onlar bəzi fundamental məsələləri müzakirə etməyə məqam tapıblar. Əsas məqsəd əldə olunan razılaşmalara əlavə təkan verə bilməkdir. Yaxın günlərdə gözlənilməz sensasiyaların ola biləcəyini istisna etmirəm”, - həmsöhbətimiz bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Putinlə üçtərəfli görüş keçirəcəyini açıqlasa da, ötən gün baş tutan sammitdə görüşün olması ilə bağlı hər hansı informasiya yayılmamışdı.