Ermənistanın yeni müdafiə naziri Suren Papikyan kadr axtarışındadır.
Axar.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanın istefaya göndərilməsi barədə siyasi qərar qəbul edilib.
“Nazir bu posta uyğun namizəd tapmadığı üçün hələlik bunu etməyə tələsmir”, - nəşr bildirib.
Qəzet Davtyanın qovulmasının iki səbəbi olduğunu yazıb:
“Birincisi, silahlı qüvvələrin döyüş qabiliyyəti və təşkilatçılıq səviyyəsi arzuolunan səviyyədə deyil və bunun məsuliyyətini Baş Qərargah rəisi daşıyır. İkincisi, Davtyanın adı keçmiş müdafiə naziri David Tonoyan və silah alverçisi David Qalstyanın daxil olduğu səs-küylü korrupsiya işində şahid qismində keçir”.
Nəşr yazıb ki, hətta Davtyanın yaxın günlərdə həbs edilməsi də istisna deyil.