Düşünürəm ki, bu iki ölkənin müzakirə edəcəyi mövzular müxtəlif və çoxsaylıdır.
Bunlardan birincisi iqtisadi əlaqələr, xüsusən də İranın Türkiyəyə qaz ixracı ilə bağlıdır. Tərəflər arasında mövcud olan müqavilə 2026-cı ildə başa çatacaq, ona görə də yaxın bir neçə ildə qaz ixracı ciddi formada müzakirə olunmalıdır.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a Avstraliya Milli Universitetinin Ərəb və İslam Araşdırmaları Mərkəzinin mütəxəssisi, Britaniya Yaxın Şərq Araşdırmaları Cəmiyyətinin Şura üzvü doktor Alam Saleh Türkiyə Prezidentinin İrana planlaşdırılan rəsmi səfəri haqda danışarkən deyib.
Onun sözlərinə görə, ikinci əsas mövzu Əfqanıstanda baş verənlər olacaq:
"Çünki bu, həm İranı, həm də Türkiyəni yaxından narahat edən bir nüansdır. Suriya məsələsi digər bir mühüm məsələdir, xüsusilə Türkiyənin İdlibdəki hazırki mövqeyi İranı, Rusiyanı və Dəməşqi narahat edir. Nəhayət, əlbəttə ki, iki ölkənin bir çox ortaq tarixi, mədəni və siyasi maraqları və həll edilməli problemləri var. Ümumilikdə, bu səfər Cənubi Qafqazdakı sülhün bərqərar olunmasına kömək edə biləcək çox əhəmiyyətli, bir o qədər də maraqlı bir səfər olacaq", - deyə ekspert bildirib.