Bu gün İstanbulda tarixi bir hadisə baş verəcək desək, yanılmarıq.
İlk dəfədir ki, türk dövlətləri vahid birlik şəklində formalaşıb, təşkilata çevrilməyi qarşılarına məqsəd qoyub. Buna qədər fəaliyyət göstərən Türk Şurası məsləhət xarakterli, qarşısına çox da böyük hədəflər qoymayan təşkilat idi. Amma bugünkü sammitdə Avropa İttifaqı formatına bənzər Türk Dövlətləri Birliyinin təşkilatı strukturunun formlaşmasına qərar veriləcək. Bu günə qədər yalnız beş üzvü olan təşkilatın tərkibinə Türkmənistanın da daxil olması gözlənilir. Beləliklə, Türk Dövlətləri Birliyinə altı türk dövləti daxil olur. Bu, sözügedən ölkələrin qarşısında bir sıra sahələrdə əməkdaşlıq etmək üçün geniş perspektivlər açır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli bu gün İstanbulda keçirilən Türk Şurası dövlət başçılarının görüşü ilə bağlı deyib.
Politoloq bildirib ki, bugünkü iclasda Türk Şurası Türk Dövlətləri Birliyi adı alacaq və bu birlik öncə iqtisadi əlaqələrin intensivləşdirilməsini qarşıya məqsəd kimi qoyacaq:
“Paralel olaraq, bu Birliyin mədəni əlaqələrinin daha da dərinləşdirilməsi üçün çoxşaxəli istiqamət üzrə işlər görüləcək. Bu işlər sırasında ortaq türk dilinin formalaşdırılması üçün mədəni əlaqələrin genişləndiriləcəyi gözlənilir. Bu Birliyin Avropa İttifaqına bənzər formatda təşəkkül tapmasına da cəhdlər göstəriləcək. Yəni, türk dövlətləri vətəndaşlarının vizasız səfərlərindən tutmuş iqtisadi inteqrasiyanın güclənməsi və hərbi-siyasi ittifaqın formalaşdırılması kimi məsələlər də zamanla gündəmə gələcək. Bu proses yaxın gələcəkdə Türk Dövlətləri Birliyini beynəlxalq gücə çevirəcək. Türk dünyasının 6 müstəqil ölkəsindən başqa, dünyanın müxtəlif nöqtələrində yaşayan, muxtar statuslara malik olan çoxsaylı türk xalqları da Türk Dövlətləri Birliyinin sıralarına məşvərətçi şəkildə qoşula bilər. Rusiyanın tərkibində muxtar statusa malik olan Tatarıstan, Başqırdıstan, Çuvaşıstan və digər türkdilli xalqların da bu birliyə məşvərətçi səslə iştirakına yol açıla bilər. Rusiya artıq özü bu Birlikdə məşvərətçi səslə iştirak etmək istəyir. Onlar yaxşı başa düşürlər ki, ölkələrində xeyli sayda türk xalqları yaşayır və onlar bu birliyə can atacaqlar”.