"Sapiens" kitabının müəllifi, məşhur yazıçı Yuval Noy Harari yaxın müddətdə süni intellektin inkişaf edərək insan beynini hək etmək səviyyəsinə çata biləcəyini iddia edib.
Milli.Az xəbər verir ki, Harari bununla bağlı ölkələri dərhal hərəkətə keçməyə çağırıb.
"Məlumatlarınız Kaliforniyaya, yoxsa Şençjenə, Şanxaya və Pekinə gedir? Artıq bu ehtimalın baş verməməsi üçün ölkələr süni intellektin tənzimlənməsi və məlumatların toplanması istiqamətində birgə fəaliyyətə başlamalıdır. Pandemiyanın gətirdiyi növbəti addım tibbi məlumatlarımızın bizdən alınmasını asanlaşdıracaq" - yazıçı qeyd edib.
Y.N.Harari iddia edib ki, üz, barmaq izi və hətta DNT kimi biometrik məlumatlar gələcək illərdə şirkətlər və ya hökumətlər tərəfindən toplana bilər: "Alqoritm bizə hansı filmə baxacağımızı və hansı məhsulu alacağımızı söyləyir. Nəhayət, 10, 20 və ya 30 ildən sonra bu cür alqoritmlər həm də harada və nə oxumalı olduğumuzu, kimlə evlənməli olduğumuzu və hətta kimə səs verə biləcəyimizi də təyin etmə qabiliyyətinə malik olacaq. Ən çox məlumatı idarə edən ölkələr və şirkətlər gələcəkdə dünyaya nəzarət edəcəklər". (publika.az)