Təkcə Qarabağ regionunda deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Əliyev, Putin və Paşinyanın arasında keçiriləcək görüşün əhəmiyyətini qiymətləndirməmək çətindir.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert, şərqşünas-türkoloq Yuri Mavaşev deyib.
“Aydındır ki, tərəflər arasında sülh müqaviləsi imzalanmadan tam sülh ola bilməz. Mən məşhur ifadəni başqa formada ifadə edərək deməliyəm ki, bəzən sülh müharibədən daha təhlükəlidir. Nə qədər qəribə səslənsə də, bu, belədir. Axı hələ də silahlı insidentlər baş verir, qurbanlar çoxalır. Yalnız Rusiya tərəfləri danışıqlar masası arxasına əyləşdirmək iqtidarındadır. Amma Moskvanın son nəticəyə - sülh müqaviləsinin imzalanmasına nail ola bilməsi dəqiq deyil.
Xüsusi diqqət yetirməyi vacib hesab etdiyim ikinci aspekt kommunikasiyaların açılmasının zəruriliyidir.
İrəvanın hansı səbəbə görə inadla hər iki tərəfə sərfəli olan əməkdaşlığı iqnor etməsi aydın deyil. Axı məhz bu dinc həyata qayıtmağın zəmanəti olacaq. Daha nə sübut etmək olar ki?
İkinci Qarabağ müharibəsinin nəticələri hamıya məlumdur. Bu, kimin doğru olduğunu çox gözəl şəkildə göstərdi. Təəssüf ki, ATƏT-in Minsk Qrupu çərçivəsində həyata keçirilən beynəlxalq səylər əbəs oldu”.