Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil.
Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar.
Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.
Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək.
Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki, münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və kişilərin öz mənfi cəhətlərini aradan qaldırmağa ehtiyacı yoxdur.
Qeyd edək ki, uğurlu münasibətlərin 50 faizi qadınların davranışından asılıdır. Qadınların bəzi hərəkətləri həyat yoldaşları ilə münasibətlərdə dağıdıcı rol oynayır. Əlbətdə qadınlar bu səhvləri bilmədən, düşünmədən də edə bilərlər. Bu səhv hərəkətlərin çoxu qadınların anaları tərəfindən aşılana bilər.
Sən onu olduğu kimi sevirdinsə, indi nəyə görə dəyişdirmək istəyirsən?
Qadınlar çox vaxt sevdiyi insanı ideallaşdırırlar. Onun pis vərdişlərini aradan qaldırmağa çalışırlar. Problemlər də məhz pis vərdişlər aradan qalxmayanda başlayır. Lakin belə vəziyyətdə xanımlar qərar verməyə tələsməməlidirlər. Bu məsələni zamanla həll etmək olar.
Qadınlar sevdiyi insanı dəyişdirməyə cəhd etməməlidirlər. Ona görə ki, hər bir şəxsin özünəməxsus xarakteri və vərdişləri var. Bir uğursuzluq baş verən zaman bəzi qadınlar narahat olur, özlərinə bədbəxt, uğursuz insan deyirlər. Əslində isə bəzi qadınlarımızın kifayət qədər təcrübəsi olsa, zamanla bu problemləri aradan qaldırmaq mümkün olacaq.
Qadınlara məsləhətlər:
Sevdiyiniz insan nədən zövq alırsa, ona səmimi maraq göstərin. Bu onun işi, sevdiyi məşğuliyyəti, etdiyi idman növü də ola bilər. Sizin onun sevdiyi, zövq aldığı məşğuliyyətlərə maraq göstərməyiniz süni görünməməlidir.
Bundan başqa, möhkəm və mehriban ailə üçün qadının yaxşı əhvalda olması vacibdir. Belə ki, kişilər sevdikləri qadının yaxşı əhval-ruhiyyədə olmağını xoşlayırlar. Kişi gülməli bir şey danışanda, zarafat etmək istəyəndə qadın təbəssümlə cavab verməyə, geri gələndə gülməyə çalışmalıdır. Amma kişinin hər sözünə səbəbsiz reaksiya verib həddini aşmaq da məsləhət deyil.
Kişilər özlərini əvəzolunmaz, fərqli hiss etməkdən zövq alırlar. Bu səbəbdən də həyat yoldaşınıza bəyəndiyiniz xüsusiyyətlərini deyin. Həyat yoldaşınıza sizə qarşı olan hər hansı bir diqqətinə, evdə gördüyü hansısa işinə görə təşəkkür edin. Davranışını qiymətləndirdiyinizi ona hiss etdirin.
Çalışın ki, həyat yoldaşınızla fikirlərinizlə bölüşəsiniz. Ona məsləhətlərinin sizin üçün nə qədər əhəmiyyətli olduğunu bildirin. Bu onun xoşuna gələcək və sizə görə məsuliyyət hiss edəcək.
Gəlin, qadınların kişilərlə münasibətlərində buraxdığı əsas səhvlərinə nəzər salaq.
1. Qadınlar sevdiyi kişilər üçün özlərini qurban verirlər. Onlar ümid edirlər ki, fədakarlıqları kişilər tərəfindən yüksək qiymətləndiriləcək və kişinin ona sevgisi dəfələrlə artacaq. Təəssüf ki, bu çox nadir hallarda baş verir. Çox vaxt əksinə olur. Kişinin qadına olan marağı azalır.
2. Qadınlar kişilərin potensial imkanlarına aşiq olurlar.
3. Qadınlar özlərini ana kimi aparır və kişilərlə uşaq kimi rəftar edirlər.
4. Bəzən qadınlar özlərini hədsiz yüksəkdə tutur, bəzən isə çox zəif olduqlarını düşünürlər.
5. Elə cütlüklər var ki, münasibətləri münaqişələr üzərində qurulur. Bəziləri bu hisslərə alışır və şüuraltı münaqişəli vəziyyətlər axtarırlar (qüvvə toplamaq üçün).
6. Elə qadınlar var ki, istədiklərinə nail olmaq üçün özlərini balaca şıltaq qız kimi aparırlar.
Əlbəttə ki, cütlüklər arasındakı münaqişələrə səbəb olan başqa amillər də var. Bu münaqişələri düzgün həll etmək üçünsə qadınlara səbirli olmağı məsləhət görürəm. Ən əsası isə maraqlı həmsöhbət olmağa çalışın. Həm danışmaq, həm də dinləmək əhəmiyyətlidir.
Bununla yanaşı özünüzə diqqət ayırmağı unutmayın. Qadın hər zaman, hər bir şəraitdə qadın olduğunu unutmamalıdır.
Aygün Ağabalayeva, psixoloq