Özünü hələ də qondarma “dqr prezidenti” adlandıran Araik Arutyunyan Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində qalan qanunsuz silahlı birləşmələri (onları müharibəyə qədər “dqr müdafiə ordusu” adlandırırdılar) buraxmağa hazırlaşır.
Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ermənistan parlamentində Qarabağdan olan erməni köçkünlərin problemlərinin müzakirəsi zamanı açıqlanıb. Müzakirələr parlamentin İnsan haqları və ictimai məsələlər üzrə daimi Komissiyası tərəfindən təşkil edilib. Araikin “dqr ordusunu” buraxmağa hazırlaşdığını isə özünü “Şuşadan qaçqın düşmüş erməni əhalisi” adlı QHT-nin şurasının üzvü kimi təqdim edən Aşot Arutyunyan çatdırıb.
“Mən ondan soruşdum: “kim sənə bu haqqı verib?”, cavab verdi ki, “azərbaycanlılar tələb edir”, - Aşot Arutyunyan deyib.
Xatırladaq ki, darmadağın edilmiş erməni ordusunun təxminən 10-15 minlik qalıqları 44 günlük müharibənin başa çatmasından sonra Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalıb. Bu qanunsuz silahlı birləşmələr bir neçə dəfə təxribatlar törədiblər, Azərbaycan tərəfi həmin dəstələrin tərk-silah edilməsini tələb edir.