ABŞ-da Federal Tədqiqatlar Bürosuna (FTB) yaxınlığı ilə tanınan Maykl Rubin Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirmək məsələsində qərarlı olduğunu bildirib.
Milli.Az Publika.az-a istinadən xəbər verir ki, son günlərin ən çox danışılan mövzularından biri olan Suriya əməliyyatını müzakirə edən keçmiş Pentaqon rəsmisi "Washington Examiner"də dərc etdiyi məqalədə Türkiyənin savaş mövzusunda qətiyyətli göründüyünü ifadə edib:
"Son günlər Rəcəb Tayyib Ərdoğan hökuməti həm Moskvaya, həm də Vaşinqtona yeni bir əməliyyat başlatmaqla bağlı siqnalları verdi. Bu səbəbdən Rusiya qüvvələri Suriyadakı mövqelərinin bir qismini artıq boşaldıb. Bayden bir neçə gün ərzində Yaxın Şərqdəki ilk böyük sınağı ilə üzləşə bilər".
Suriyadakı əməliyyatın "macəraçılıq" olacağını iddia edən və Türkiyəyə məsləhət verməyə çalışan Rubin ABŞ Prezidenti Co Baydeni YPG terror təşkilatına yardımı artırmağa çağırıb: "Bayden üçün alternativ strategiya "kürdlərə" yardımı (PYD-YPG) ikiqat artırmaq və bəlkə də bölgədəki Amerika hərbi varlığını gücləndirmək ola bilər".