![]() |
![]() |
Ermənistanda onkoloji və ürək-damar xəstəliklərindən ölənlərin sayının artması ekoloji situasiyanın həddindən artıq pis olması ilə bağlıdır.
Musavat.com xəbər verir ki, bu cümlə bloger Aleksandr Lapşinin Feysbukdakı qeydlərində əks olunub.
Onun sözlərinə görə, Avropadan gətirilən köhnə avtomobillər, ölkədə zibil emalı zavodunun olmaması, dağ-mədən sənayesi Ermənistanın ekoloji vəziyyətini bərbad hala salıb.
“İrəvanda yaşadığım 4 ay ərzində artıq hiss etim ki, sağlam deyiləm. Ətraf mühit mənə olduqca pis təsir etdi. Hələ İrəvanda olduğum qədər həyatımda bu qədər soyuqdəymə keçirməmişəm. Heç bir səbəb olmadan halımda süstlük baş verdi və gecələr yata bilmirdim. Artıq bundan sonra daha betər şəkildə xəstələnəcəyimi anladım”, - deyə bloger öz səhifəsində yazıb.
Lapşin İrəvanın 2018-2019-cu illərdə Dünya Bankı statistikasına əsasən dünyanın ən çirkli 10 şəhəri arasına girdiyini, burada Kinşasa (Konqo), Dakka (Banqladeş) və Cakarta (İndoneziya) kimi şəhərlərlə yarışdığını vurğulayıb. Bundan başqa İrəvan Ümumdünya Səhiyyə Təşkilatının versiyasına görə, onkoloji xəstəliyə mübtəla olmaq riski daşıyan 10 ən təhlükəli şəhərdən biri sayılır.
Belarus-İsrail əsilli bloger şəhərdə bütün ağacların qırıldığını və park-meşələrin məhv edildiyini də yazıb.
O, bir çox insanın burada artıq 35-40 yaşlarından ürək, damar, böyrək xəstəliklərindən əzyyyət çəkdiyini bildirib.
Ermənistanda hər il 9 min onkoloji xəstəliyə yaxalanma və 20-30 min infarkt hadisəsi qeydə alınır. İnfarktların sayına görə də Ermənistan ilk onluqda qalmağa davam edir. Xərçəng xəstələrinin üçdə birinin vəziyyəti ümidsizdir, yəni Ermənistanda hər il elə 3 min adam bu xəstəlikdən ölür.
“Bərbad ekoloji vəziyyət hər il Ermənistanda ən az 3-5 min vətəndaşın ölümünə bais olur. Bu isə Ermənistanın Qarabağ müharibəsində itirdiyinin 10 qatıdır”, - deyə Aleksandr Lapşin sonda qeyd edib.