10 mart Azərbaycan teatr tarixində xüsusi əhəmiyyət kəsb edən gündür, Milli Teatr Günü kimi qeyd olunur. 1873-cü ildə görkəmli maarifçi Həsən bəy Zərdabinin və dramaturq Mirzə Fətəli Axundovun təşəbbüsü ilə Bakıda ilk teatr tamaşası – "Lənkəran xanının vəziri" əsəri səhnələşdirildi. Bu tarixi hadisə ilə Azərbaycan teatr sənətinin əsası qoyuldu və milli mədəniyyətimizin inkişafında yeni mərhələ başlandı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti teatr sənətinin inkişafına xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısının sərəncamları ilə teatr binaları əsaslı şəkildə təmir olunur, yeni teatrlar açılır, teatr kollektivlərinə maddi və mənəvi dəstək verilir. Xüsusilə, 2019-cu ildə "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının uğurla başa çatması teatr sənətimizin müasir dövrdə daha da inkişafına zəmin yaratdı.
Bundan əlavə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyətin müxtəlif sahələri ilə yanaşı, teatr sənətinə də xüsusi qayğı göstərir. Fondun dəstəyi ilə bir sıra teatr layihələri həyata keçirilmiş, klassik və müasir dramaturgiya nümunələri geniş auditoriyaya çatdırılmışdır. Azərbaycan teatrı 10 mart 1873-cü ildən başlayaraq böyük bir inkişaf yolu keçib. Bu gün teatrımız zəngin tarixi və milli dəyərləri özündə birləşdirərək cəmiyyətin mənəvi dünyasına təsir edən mühüm sənət ocağıdır. Lakin inkişafla yanaşı, teatrlarımızın qarşılaşdığı çətinliklər və gələcəyə dair ümidlər də mövcuddur. Teatrlar üçün ayrılan maliyyə vəsaiti bəzən müasir texniki tələblərə cavab verən səhnə quruluşları və innovativ tamaşalar hazırlamaq üçün yetərli olmur. Gənclər tamaşalara maraq göstərmir. Cəmiyyətin, xüsusilə gənclərin teatr tamaşalarına marağının artırılması üçün yeni strategiyalar lazımdır. Müasir auditoriyanın teatrla bağlılığı zəifləyir və bu, teatr sənətinin gələcəyi üçün təhlükə yaradır. Bəzi teatrlarımız klassik əsərlərə üstünlük verir, müasir dramaturgiyanın yetərincə inkişaf etməməsi repertuar məhdudiyyəti yaradır. Bakı teatrları nisbətən yaxşı inkişaf etsə də, bölgələrdə fəaliyyət göstərən teatrların bir çoxu infrastruktura və maliyyə dəstəyinə ehtiyac duyur. Fikrimcə, Azərbaycan teatrının inkişafı üçün bir neçə istiqamətdə islahatlar və yeni təşəbbüslər vacibdir. Gənc nəslin teatra marağının artırılması üçün interaktiv tamaşalar, açıq səhnə performansları və müasir texnologiyalardan istifadə edilməlidir. Dövlət dəstəyinin artırılması və teatrların maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi lazımdır. Müasir dramaturgiya inkişaf etdirilməli, gənc yazıçılar və rejissorlar dəstəklənməlidir. Region teatrlarına daha çox diqqət yetirilməli, onlar üçün səyyar tamaşalar və festivallar təşkil edilməlidir. Azərbaycan teatrı təkcə milli mədəniyyətimizi yaşadan bir sənət növü deyil, eyni zamanda xalqımızın düşüncə tərzini, tarixi və mənəvi dəyərlərini əks etdirən mühüm bir tribunadır. Bu gün teatrlarımız dünya səhnəsində də Azərbaycan mədəniyyətini uğurla təmsil edir, beynəlxalq festivallarda iştirak edərək böyük uğurlar qazanır. Hər birimiz çalışaq, ayda 1 dəfə də olsa, teatrlara gedək. Bu addımla teatrlara, yaradıcı heyətə maddiyyatla yanaşı, mənəvi dəstək də göstərmiş olarıq. Milli Teatr Günü münasibətilə bütün teatr xadimlərini, aktyorları, rejissorları, dramaturqları və sənətsevərləri təbrik edir, onların danılmaz əməyi ilə Azərbaycan teatrının daha böyük uğurlara imza atmasını arzulayırıq!