![]() |
![]() |
Fransa Prezidenti Emmanuel Makronun son çıxışı göstərir ki, Avropanın təhlükəsizliyi ilə bağlı yeni çağırışlar aktuallaşır.
Makron hesab edir ki, Ukraynadakı müharibə indiki şəraitdə bitərsə, bu, Rusiyanın qələbəsi olacaq və nəticədə Rusiya Avropa üçün daha böyük problemlər yaradacaq.
Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Fransa Prezidenti Emmanuel Makronun ötəngünkü xalqa müraciətini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, ABŞ-ın Ukrayna ilə bağlı yeni siyasəti Parisin maraqlarına uyğun deyil:
“Bu çağırışın əsas səbəblərindən biri ABŞ-ın əvvəlki kimi Ukraynanın təhlükəsizliyinə eyni həcmdə dəstək vermək istəməməsidir. ABŞ hazırda müharibənin bitməsini istəyir və Avropanın təhlükəsizliyinə məsuliyyət daşımaqdan yayınır. Xüsusilə də Donald Tramp administrasiyasının Avropanın müdafiəsinə əvvəlki kimi diqqət yetirmək niyyətində olmadığı görünür. Tramp televiziyada verdiyi açıqlamalarda vurğulayır ki, ABŞ artıq Avropanın təhlükəsizliyinə cavabdehlik daşımayacaq.
Bundan əlavə, Avropa Birliyi daxilində də bu məsələdə fikir ayrılığı var. AB ölkələrinin hərbi xərclərini artıraraq təhlükəsizliyə 800 milyard avro ayırması təklif edilsə də, bu vəsaitin necə toplanacağı və hansı ölkələrin xərclərini artıracağı sual doğurur. Trampın birinci prezidentliyi dövründə də Avropadan hərbi xərclərini artırması tələb olunmuşdu, lakin yalnız Polşa bu tələbi yerinə yetirdi. İndi də digər ölkələrin bu yöndə addım atacağına dair qəti inam yoxdur”.
Ekspertin fikrincə, Makron Avropanın təhlükəsizlik strategiyasını gücləndirməyin yollarını axtarır:
“Makron Avropanın təhlükəsizliyinə dair təşəbbüslər irəli sürməkdə davam edir. Onun əsas narahatlığı AB daxilində fərqli maraqların olmasıdır. Məsələn, Fransanın təhlükəsizlik maraqları Macarıstanın maraqları ilə üst-üstə düşmür. Buna baxmayaraq, Makronun Fransa liderliyini qorumaq və Avropanın təhlükəsizlik strategiyasını gücləndirmək üçün alternativ yollar axtardığı açıq şəkildə hiss olunur”.