Son xəbərlər

 
Baş Nazir Əli Əsədovdan yeni qərar
Nazirlər Kabineti “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nı təsdiq edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Ümumi müddəalar

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.11-ci maddəsinə əsasən hazırlanmışdır və işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını müəyyən edir.

1.2. Özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

1.3. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslər Qanunun

24.10-cu maddəsinə əsasən özünüməşğulluğa cəlb edilmirlər.

1.4. Qanunun 24.8-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə bu Qaydaya uyğun olaraq, özünüməşğulluğa cəlb edilirlər.

1.5. Bu Qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Özünüməşğulluğun təşkili mərhələləri

2.1. Özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:

2.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;

2.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;

2.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi;

2.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra – əmlak) 2 (iki) il müddətinə müqavilə əsasında verilməsi;

2.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 2 (iki) il müddətində dövri monitorinqi.

3.Özünüməşğulluğun təşkilinə dair ümumi tələblər

3.1.Özünəməşğulluğun təşkili Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra –

Nazirlik) yanında Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik) tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir.

3.2.Agentlik əmək bazarının təhlili əsasında hər il üçün özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayını və özünüməşğulluq istiqamətlərini müəyyən edir, bu barədə məlumatları Nazirliyin rəsmi internet saytında yerləşdirir və onların mütəmadi yenilənməsini təmin edir.

3.3.Özünüməşğulluğun maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz kimi qeydiyyata alınmış (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

4.Özünüməşğulluğun təşkili sahəsində məsləhətlərin və məlumatların verilməsi

4.1.Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlər və məlumatlar işsiz (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) kimi qeydiyyata alınmış şəxslərin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması məqsədilə Agentliyin yerli qurumları və ya DOST mərkəzləri (bundan sonra – Mərkəz) tərəfindən verilir.

4.2.Bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məsləhət və məlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na uyğun olaraq, fərdi məşğulluq proqramının hazırlanması üçün aparılan məsləhət xidmətləri zamanı, bu Qaydanın 1.4-cü bəndində göstərilən şəxslərə isə işaxtaran kimi qeydiyyata alınan zaman verilir.

5.Özünüməşğulluq istiqamətinin seçilməsinə və özünüməşğulluğun təşkilinə kömək edilməsi

5.1.İşsiz şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq təşkil olunan təlimlərə cəlb olunurlar.

5.2.İşsiz şəxsə bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq məsləhət və məlumatlar verildiyi tarixdən etibarən 10 (on) iş günü müddətində təlimə cəlb olunma ilə bağlı bildiriş həmin şəxsin işsiz (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) kimi MAS-da qeydiyyata alındığı zaman yaradılmış elektron kabinetində (bundan sonra – elektron kabinet) yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

5.3.İşsiz şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir.

6.Özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi

6.1.Bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulmuş təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir.

6.2.İşsiz şəxsin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi məqsədilə təlim bitdikdən sonra 5 (beş) iş günü müddətində işsiz şəxs hazırladığı biznes-planı elektron kabinetində yerləşdirməlidir.

6.3.Bu Qaydanın 6.2-ci bəndində nəzərdə tutulmuş qiymətləndirmə Agentliyin yerli qurumlarının və ya Mərkəzin müəyyən etdiyi vaxtda və yerdə biznes-planların elektron kabinetə yerləşdirildiyi tarixdən 30 (otuz) iş günü müddətində, Agentliyin 3 nəfərdən ibarət (sədr və iki nəfər üzv) tərkibdə yaratdığı müvafiq yerli komissiyalar (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir.

6.4.Komissiyanın işinə özünüməşğulluq istiqamətləri üzrə işəgötürənlərin nümayəndələri və ya müstəqil ekspertlər cəlb edilə bilər.

6.5.Komissiya Agentliyin yerli qurumunu və ya Mərkəzi məlumatlandırmaqla aşağıdakı qərarlardan birini qəbul edir və 5 (beş) iş günü müddətində həmin qərarı işsiz şəxsin elektron kabinetində yerləşdirir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərir:

6.5.1.özünüməşğulluğa cəlb edilir;

6.5.2.özünüməşğulluğa başlamağa hazır deyildir, yenidən təlimlərdə iştirak hüququ vardır.

6.6.Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiya onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməz.

7. Özünüməşğulluğun təşkili üçün əmlakın verilməsi

7.1. İşsiz şəxsin bu Qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada satın alınmaqla və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir.

7.2. Özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin yerli qurumları və ya Mərkəz arasında 2 (iki) il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 (on) iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir.

7.3. Əmlakın verilməsi barədə müqavilə bağlanıldıqdan sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı və ya fərdi sahibkar kimi qeydiyyatdan keçməli və bu barədə məlumatı elektron kabinetində yerləşdirməlidir.

7.4. Özünüməşğulluğa cəlb olunmuş şəxs yaşayış yerini və (və ya) ona verilmiş əmlakdan istifadə yerini dəyişdikdə, bu barədə məlumatı 10 (on) iş günü müddətində elektron kabinetində yerləşdirməlidir.

7.5. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edildikdə, ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 (beş) iş günü müddətində Agentliyin yerli qurumu və ya Mərkəz tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

8.Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin dövri monitorinqi

8.1.Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən 2 (iki) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

8.2.Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır.

8.3.Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

8.4.Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

8.5.Bu Qaydanın 8.4-cü bəndində göstərilən bazar qiyməti Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.

8.6.Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlak Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli

343 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”na uyğun olaraq, açıq hərracların keçirilməsi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən satılır.

9. Yekun müddəalar

9.1. Özünüməşğulluğa cəlb olunmuş şəxsin bu Qaydanın 6.5.2-ci yarımbəndində nəzərdə tutulan qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır.

9.2. Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır