8.3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur.
Millidəstək.az xəbər verir ki, Uzun illər istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmayan yolun hərəkət hissəsində deformasiyalar və dağılmalar yaranıb. Bu səbəbdən yolda təmir işlərinə başlanılıb. Yenidənqurma layihəsinə uyğun olaraq, yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilir.
Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilir.
Yolun hərəkət hissəsi hazır olan hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə 100 min kv/m sahəyə yüksək keyfiyyətli asfalt örtük salınacaq.
Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradacaq.