Son xəbərlər

İrəvan sakini Nana Muradyan bildirib ki, oğlu Valerik Muradyan 8 il öncə Xankəndi şəhərində yerləşən hərbi hissədə komandir və bir neçə əsgər yoldaşı tərəfindən öldürülüb. 
 
Turkustan.info AzVision.az-a istinadən xəbər verir ki, Nana Muradyan oğlunun qatillərinin cəzalandırılmasını tələb edib.
 
“Qatillərin ədalətə təslim edilməsini tələb edirəm. 2010-cu ildə oğlum orduda xidmət zamanı öldürülüb. Komandir etdiyi oğurluğun üstünü ört-basdır etmək üçün oğlumu əsgərlərlə birgə öldürüb. Valerik komandirin dizel yanacağını necə oğurlamağına şahid olub. Bu hadisədən 4 gün sonra oğlum qətlə yetirilib”- deyə Nana Muradyan bildirib.
 
Onun sözlərinə görə, oğlunun öldürülməsi saxtalaşdırılaraq, intihar kimi təqdim edilib: “Səkkiz ildir deyirəm ki, oğlumu boğub, sonra asıblar. Hətta bir dəfə telefonla danışanda oğlum “ana bu ordu deyil, özbaşınalıqdır” deyə bildirmişdi. Ona səssiz qalmaq üçün pul təklif ediblər, lakin qəbul etməyib. Dörd gündən sonra oğlumu məhv etdilər. İndiyə qədər qatillər tapılmayıb. Oğlumun qollarında barmaq izləri var idi. Onu zorla qollarından tutub asıblar”
 
Xatırladaq ki, etiraz edən əsgər anası son səkkiz il ərzində hər iclas zamanı hökumət binasının qarşısında etiraz aksiyası keçirir.
 

“Lifttəmir” İstehsalat Birliyində (İB) olan yeyinti faktları ilə bağlı daha bir nəfərə cinayət işi başlanıb.

APA məlumatına görə, İstehsalat Birliyində aparılan yoxlamalar zamanı həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmış Hüseynov Əhməd Nəsrəddin oğlunun külli miqdarda vəsaiti mənimsədiyini ortaya çıxıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ə. Hüseynov barəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, bundan əvvəl də “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov barəsində cinayət işi məhkəməyə göndərilmişdi. Hazırda onun barəsində olan cinayət işinə məhkəmədə baxılır.

Xırdalanda avtomobili əzilən sürücü bıçaqlanıbAbşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, hadisə AFF Park yaşayış massivinin qarşısında baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Abuzərov Nurəddin Əmir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili naməlum şəxs əzib.

Buna etirazını bildirən N.Abuzərov həmin şəxs tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Rusiya ordusuna aid məxfi radiostansiyanı ABŞ-a göndərən azərbaycanlı həbs edildiMoskva polisi Rusiya ordusu üçün istehsal edilən radiostansiyanı ABŞ-a göndərən azərbaycanlını həbs edib.

"Ölkə.Az" "virtualaz.org"a istinadən xəbər verir ki, həmin şəxs Kaluqa şəhərinin Moskovski küçəsində, yaşadığı ünvanda tutulub.

Bildirilir ki, naməlum şəxs 2019-cu il martın 29-da ABŞ-a taxta yeşikdə bağlama göndərib. Moskvanın Kazan vağzalında gömrük əməkdaşları bağlamadan şübhələniblər və onu açanda Rusiya ordusu üçün nəzərdə tutulan, aviayönləndiricilərin istifadəsində olan “Varevo-1” daşınan radiostansiyasını aşkar ediblər.

Hərbi təyinatlı avadanlığın qanunsuz yolla xaricə göndərilməsi faktı ilə bağlı araşdırma başladılıb və nəhayət bu günlərdə bağlamanı göndərən şəxs tutulub.

“Varevo-1” aviayönləndiricilər üçün portativ radiostansiyadır və onunla birbaşa təyyarənin göyərtəsi ilə əlaqə yaratmaq mümkündür. Bu avadanlıq hava zərbələri zamanı yerdən pilotlara hədəfi düzgün nişan almaqda kömək etmək üçün nəzərdə tutulur.

Xarici qeydiyyat nişanlı avtomobil sürücülərinə PİS XƏBƏRXarici ölkə qeydiyyatlı avtomobillə Azərbaycan ərazisində qaydaları pozan, amma cəriməsini ödəməyən sürücülər sərhədi keçə bilməyəcəklər.

"Ölkə.Az" xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, əvvəllər xarici ölkə qeydiyyatlı avtomobillərin sürücüləri Azərbaycana gələrkən qaydaları kobud şəkildə pozub sonra da sərhədi rahat keçə bilirdilər. Artıq həmin sürücülərin qayda pozuntuları xüsusi texniki vasiələrin köməyi ilə qeydə alınır.

Hətta bir neçə gündür ki, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi sərhəd-keçid məntəqələrinə inteqrasiya edilib. Odur ki, həmin sürücülərin qayda pozuntularını sərhəd-keçid məntəqələrinin əməkdaşları da görə bilirlər.

Qeyd edək ki, bu qayda təkcə xarici ölkə qeydiyyatlı avtomobillərə yox, o cümlədən Azərbaycan dövlət nömrə nişanlı avtomobil sürücülərinə də aiddir.

Kamran Əliyev onu da bildirib ki, Azərbaycan qeydiyyatlı avtomobillərin sürücülərinə, törətdikləri inzibati xəta ilə bağlı ətraflı məlumat ''sms''lə göndərilir. Amma xarici ölkə qeydiyyatlı avtomobillərin sürücülərinə bu hələ ki, mümkün deyil.

Onu da qeyd edək ki, bazalar inteqrasiya edilmədən əvvəl xarici ölkə qeydiyyatlı avtomobillə Azərbaycanda qayda pozan sürücü öz ölkəsinə qayıdıbsa, o, yenidən maşınla gələndə sərhəddə cəriməsini ödəyəcək. Və yaxud da qayda pozduğu avtomobili başqa bir şəxsə satıbsa, avtomobilin yeni sahibi Azərbaycana gələrkən inzibati xətanın cəriməsini ödəmədən daxil ola bilməyəcək.

Kamran Əliyev bildirib ki, yeni qaydalar qanunu pozan piyadalara da aiddir. Yəni şəxs əgər inzibati qaydada cərimə olunubsa, cəriməsini ödəmədən sərhədi keçməsinə icazə verilməyəcək.

DYP-dən İsmayıllıda baş verən dəhşətli yol qəzası ilə bağlıDaxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (Baş DYP İdarəsi) Muğanlı-İsmayıllı avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.

"Ölkə.Az" report-a istinadən bildirir ki, açıqlamada deyilir ki, 26 yanvarda saat 10:30 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən 13-cü kilometrində Şəki rayon sakini 1976-cı il təvəllüdlü Quliyev İlham Seyfəddin oğlu idarə etdiyi “VAZ-2106” markalı, 55-BU-249 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdən gələn Gürcüstan Respublikasının vətəndaşı Ramazanov Ramil Rəşid oğlunun idarə etdiyi “Mercedes-Benz 0403” markalı, KN-585-AN dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və onun sərnişini 1985-ci il təvəllüdlü Quliyeva İlahə Əbülfət qızı hadisə yerində həlak olublar, digər iki sərnişini, 2012-ci təvəllüdlü Quliyeva Aysu İlham qızı, 2010-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, eləcə də avtobusun sərnişinləri, Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Acalova Xatirə Rafiq qızı, 1959-cu il təvəllüdlü Ramazanova Suvar Şahbaz qızı və 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı müxtəlif dərəcəli xəsarətlər alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, onlardan səkkiz yaşlı A.Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Bakıda avtobus qəzasında yaralananların adları açıqlandı — SİYAHI


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Report-a bildirib ki, bu gün saat 7:00 radələrində Zabrat Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Cahangirov Elgün Otello oğlunun idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 90-JL-290 dövlət qeydiyyat nişanlı avtobusla eyni istiqamətdə qarşısında hərəkət edən və körpü üzərində idarəetmədən çıxaraq fırlanıb hərəkətin əks istiqamətində dayanmış Quliyev Əbil Zabil oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 10-MR-819 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində avtobusun sürücüsü və sərnişinləri, 1970-ci il təvəllüdlü Kərimova Aytən Əfələddin qızı, 1996-cı il təvəllüdlü Məmmədova Fidan Rasim qızı, 1961-ci il təvəllüdlü Balakişiyeva Mühbarə Cuma qızı, 1993-cü il təvəllüdlü Məmmədov Əli Rasim oğlu, 1996-cı il təvəllüdlü Həsənov Elşən Məmməd oğlu və 1991-ci il təvəllüdlü Rüstəmzadə Murad İlqar oğlu yüngül dərəcəli xəsarətlər alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Mitsubishi-Pajero” və “VAZ 2107” markalı avtomobillərlə toqquşub. Hadisə nəticəsində sərnişin avtobusu və “Mitsubishi-Pajero” körpüdən aşıb.

“Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”.

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a açıqlamasında bildirib ki, Bakı şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib.

“Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olununur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparamdan əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır”, -deyə məlumatda qeyd olunub.

Dünya yeni təhlükəli virusla üz-üzə qalıb. Artıq Çində koronavirus infeksiyalarına yoluxanların sayı 830-nı, bu virus nəticəsində ölənlərin sayı isə 26-i ötüb.

Turkustan.info bildirir ki, koronavirusun qeydə alındığı Çinin Hubei əyalətində giriş-çıxışın məhdudlaşdırıldığı şəhərlərin sayı 9-a çatıb. Uhan şəhərindən sonra Eçjou, Xuanqan, Syantao, Çjiçzyan, Çyançzyan, Xuanşi, Enşi və Syannin şəhərlərinə də giriş-çıxış bağlanıb.

Ötən gün səhər saatlarından Uhan şəhərində ən ciddi karantin elan olunub. Uhanda metro işini dayandırıb, şəhərə sərnişin avtobusları buraxılmır, hava limanından və dəmiryol vağzallarından gediş-gəliş təxirə salınıb. Rəsmi dairələr xüsusi hallar olmadığı təqdirdə şəhərə getməyi tövsiyə etmir.

Azərbaycan necə, bu qorxulu virusla mübarizəyə hazırdırmı?

Qeyd edək ki, hazırda “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan həftədə iki dəfə (II və VII günləri) Çinin paytaxtı Pekin şəhərinə və iki dəfə (III və VII günləri) Quançjou şəhərinə uçuşlar yerinə yetirir. Bu səbəbdən virusun Azərbaycanda yayılma təhlükəsinin olub-olmamasını araşdırdıq.

Səhiyyə Nazirliyi: Ağır xəstələr üçün xüsusi palatalar var, bütün hazırlıq işləri aparılıb

Məsələ ilə bağlı APA-ya açıqlama verən Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib ki, hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət sabitdir və heç bir xəstəliyin alovlanması yoxdur: “Viruslarla bağlı təhlükə hər zaman və hər bir ölkə üçün var. Çünki sərhədlər açıqdır, gediş-gəliş də var, hər şey ola bilər. Sadəcə epidemioloji nəzarət sistemi yaxşı işləməlidir ki, bunun qarşısı alınsın. Bizdə bu sahədə həm təşkilati qurumlarımız, həm kadrlarımız, həm də laboratoriyalarımız var. Səhiyyəmiz buna hazırdır”.

V.Qasımov deyib ki, Səhiyyə naziri ötən ilin axırında bununla bağlı əmr verib, bütün hazırlıq işləri görülüb: “Qorxulu olan təkcə koronavirus deyil, digər viruslar da var. Bunlar hamısı oxşar viruslardır. Ağciyər Xəstəlikləri İnstitutunda ağır xəstələr üçün xüsusi palatalar var, bütün hazırlıq işləri aparılıb”.

V.Qasımov qeyd edib ki, hazırda ölkədə mövsümi xarakterli olan və bütün Avropa ölkələrində, o cümlədən də Azərbaycanda yayılan qrip virusudur. Koronavirusla bağlı isə ölkədə sakitlikdir.

Sektor müdiri viruslara yoluxmamaq üçün əhaliyə əlləri tez-tez yumağı, xəstələnən zaman həkimə müraciət etməyi, xəstə vəziyyətdə işə getməməyi, maskalardan istifadə etməyi məsləhət görüb.

Gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə saytın sorğusuna cavabında bildirib ki, insanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə, son günlər Çin Xalq Respublikasının Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır: “Gömrük-sərhəd buraxılış məntəqələrində öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simptomları olan fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir.

Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün yerlər ayrılıb. Zəruri əşyalarla təmin edilən həmin yerlərdə xəstələrin  müayinəsinə lazımi şərait  yaradılıb. Həmçinin, nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirlərinin aparılması da həyata keçirilir”.

N.Axundov deyib ki, eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin “baş bəyannaməsi” sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir: “Bundan başqa, Səhiyyə Nazirliyi, digər müvafiq dövlət qurumları, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün müəyyən edilən mütəmadi əlaqə mexanizmlərinə uyğun olaraq müvafiq işlər həyata keçirilir”.

Xatırladaq ki, Azərbaycanın Səhiyyə Nazirliyi bir neçə gün əvvəl Çində yeni yayılmış koronavirusun səbəb olduğu sətəlcəmin alovlanması ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və nazirlik beynəlxalq səfərlər və ticarət əlaqələri zamanı vətəndaşları diqqətli olmağa çağırıb:

“31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub. İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib. Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur.

Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:

Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;

Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;

Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;

Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar”.   /Yeni Sabah/

Bakıda oğru gözəllik salonundan oğurluq etdikdən sonra fişəng yandırıb bayram etdiBakıda gözəllik salonu qarət edilib. Naməlum şəxs salona daxil olaraq orda kassadan pul və bir ədəd mobil telefon götürüb.

"Ölkə.Az" Xəzər TV-yə istinadla xəbər verir ki, həmin anlar obyektin müşahidə kamerasına da düşüb. Görüntülərdən cinayət törədən şəxsin obyektdə çox rahat gəzdiyi, hətta güzgünün qarşısında paltarını düzəltməyi diqqətdən qaçmayıb. Ən maraqlısı isə gözəllik salonundan çıxma anıdır.

Əvvəl ətrafa göz gəzdirir daha sonra qapını dəmir linglə qırıb içəri daxil olur.
Cinayət bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində gözəllik salonlarından birində baş verib. Obyektin sahibi səhər işə gəldikdə qapının açıq, içərinin isə dağınıq olduğunu görüb.

Gözəllik salonunun müşahidə kamerasının görüntülərinə baxış keçirərkən aydın olub ki, 30-35 yaşlı bir nəfər dəmir linglə qapını açıb içəri daxil olur. O, kassaya yaxınlaşıb çox rahat şəkildə pulları çıxararaq masanın üstünə düzür. Daha sonra isə digər dolabları açıb baxır. Bu arada həmin vaxt fürsət taparaq güzgünün qarşısında dayanıb paltarını da düzəldir.

Obyektin sahibi dərhal ''102'' xidmətinə məlumat verib. Əraziyə gələn 5-ci polis bölməsinin əməkdaşları əl-barmaq izləri götürüb və kameranın yaddaşındakı görüntülərə baxış keçiriblər. Zərərçəkmişlərin sözlərinə görə, naməlum şəxs oradan 700 manat nağd pul və bir ədəd mobil telefon oğurlayıb. Həmin şəxsin gözəllik salonundan çıxıb getməsi də olduqca maraqlıdır. O, bu çirkin əməlini fişəng yandıraraq sanki qeyd edir.

Qeyd edək ki, həmin şəxs gözəllik salonunun yaxınlığında da bir neçə mağazadan oğurluğa cəhd edib. 5-ci polis bölməsindən bildirdilər ki, şübhəli şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir.