Onun sözlərinə görə, bu sahəyə marağın azalmasının bir neçə səbəbi var: “İlk səbəb odur ki, ölkədə arıçılığı inkişaf etdirmək üçün kifayət qədər şərait yoxdur. Baxmayaraq ki, hökumət bir neçə il əvvəl qərar qəbul etmişdi ki, hər arı ailəsinə subsidiya verilsin. Ölkədə bitkiçilik inkişaf etdirilməli, arıçılıqla məşğul olanlar üçün imkan yaradılmalıdır. Türkiyədə arıçılığın inkişafı üçün yeni meşə zolaqları salınır. Azərbaycanda bitkiçilik zəif inkişaf edib, ona görə də arıçılığın inkişafı üçün şərait yoxdur”.
Ekspert bildirib ki, Azərbaycan 2020-ci ildə 1 milyon 700 min hektara yaxın ərazini işğaldan azad etdi: “Orada bu sahəni inkişaf etdirmək üçün iş görmək lazımdır. Təəssüflər olsun ki, son vaxtlar qlobal istiləşmə nəticəsində bu sahədə daha ciddi problemlər yaranıb. Arıçılıqla məşğul olan fermerlərimiz arı ailələrini bir neçə dəfə bir regiondan digərinə daşıma məcburiyyətində qalırlar. Nəticədə təbii ki, əvvəlki illərə nisbətən bal istehsalı azalıb. Keçən il arı saxlayanların sayı azalıb. Son vaxtlar xəstəliklər, zərərvericilər geniş yayılıb. Arıçılıq üçün möhkəm yem bazası yaratmaq lazımdır. Rusiya fermerləri ildə 2 dəfə Azərbaycanda yarmarka təşkil edir və istehsal etdikləri balı çox ucuz qiymətə istehlakçılara təqdim edirlər. Azərbaycanda balın bir kilosu 27, Türkiyədə 17, İranda isə 5 manata başa gəlir. Əgər istehsal etdiyimiz bal baha başa gəlirsə və tələb yoxdursa, o sahə ilə məşğul olan sahibkar nə etməlidir? Ya imtina etməli, ya da xərcləri azaltmaq üçün arı ailəsi sayını azaltmalıdır. Bu kimi problemlərə görə ölkəmizdə arıçılıqla məşğul olanların sayı, bal istehsalı da azalıb. Təəssüflər olsun ki, gələcək üçün də əsaslı tədbirlər görülmür”.