Politoloq sözlərinə davam edərək bildirib ki, bu “qaçqın” şousu əslində ərazi bütövlüyü ilə bağlı verilən şifahi bəyanatların əməli addımlarla müşayiət olunmadığı təqdirdə heç bir önəm daşımadığının da bariz nümunəsidir: "Çünki bir tərəfdən ərazi bütövlüyünü tanıyıb, digər tərəfdən Azərbaycanı “etnik təmizləmədə” günahlandıraraq yeni təzyiq mexanizmi yaratmaq cəhdləri heç bir halda regionda sülh və sabitliyə töhfə verə biləcək addımlar olaraq qiymətləndirilə bilməz.
Digər tərəfdən, Qarabağın erməni əsilli sakinlərinə “qaçqın” statusu verilməsinin əsas məqsədi də heç şübhəsiz ki, beynəlxalq ictimaiyyətin diqqətini çəkərək maliyyə dəstəyi qazanmaqdır. Amma diqqətdən qaçırdıqları əsas məqam odur ki, Azərbaycan əleyhinə atdıqları hər bir əsassız addımla bir daha Qarabağın Azərbaycan torpağı olması faktını təsdiqləmiş olurlar".