E.Mirbəşiroğlu qeyd edib ki, Ermənistanın bu niyyətləri baş tutmadı. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik üçün real şərtlər təmin olundu. Əlavə olaraq Fransa və digər kənar qüvvələrin Cənubi Qafqaz regionuna öz məkrli maraqlarını təmin etmək üçün müdaxilə imkanlarını aradan qaldırmış oldu. Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti üzərindən həm Ermənistan, həm də onu dəstəkləyən qüvvələr ümid edirdilər ki, gələcəkdə gərginlik elementlərini saxlayaraq, regiona müdaxilə etmək imkanlarına malik olacaqlar. Lakin Azərbaycan öz suveren ərazilərində erməni separatizminə də son qoydu və belə olan halda Azərbaycan ərazisində heç bir dayağa sahib olmayan təcavüzkar təfəkkürlü dairələr müxtəlif istiqamətlərdə reallığı dəyişməyə çalışırlar.
Ermənistan müxtəlif dairələr tərəfindən instensiv silahlandırılmaqdadır. Fransanın Ermənistanı silahlandırmaqda əsas məqsədi ondan ibarətdir ki, yenidən Ermənistandan alət kimi istifadə edərək, Azərbaycanın üzərinə qaldırsın və Cənubi Qafqaz regionunda gərginlik yaransın. Lakin Azərbaycan öz suverenliyini təmin edib və kifayət qədər də hərbi, diplomatik gücə sahibdir”.