İşin mahiyyəti budur ki, idarə etdiyim avtomobillə yol hərəkəti qaydalarını pozmuşam və buna görə də 50 manat cərimə olunmuşam. Vəssalam. Amma görünür ictimai insan olaraq dövlətimizə və xalqımıza xidmətə yönəlmiş fəaliyyətim, eləcə də federasiyamızın əldə etdiyi uğurlar bəzi “sapı özümüzdən olan baltalar”ı çox narahat edir, onların paxıllığına və qısqanclığına səbəb olur. Məhz bu iyrənc hisslərin nəticəsində də belə kampaniyalar keçirilir. Əslində əvvəllər də mənə qarşı bir neçə dəfə belə şər və böhtan kampaniyaları təşkil edilib. Onların da məqsədi mənə və fəaliyyətimə qara yaxmaq, məni xalqımın və dövlətimin gözündən salmaq olub. Lakin onlar heç vaxt öz məqsədlərinə çata bilməzlər. Buna görə də üzümü həmin “sapı özümüzdən olan baltalar”a tutub deyirəm ki, özlərini hədər yerə yormasınlar və belə çirkin əməllərindən əl çəksinlər.
Uca Allah bu cür bədxahların layiqli cəzasını özü verəcək. Kimlərsə öz pis əməllərindən əl çəkmirsə, biz də öz yaxşı işlərimizdən heç əl çəkməyəcəyik.