Almaniyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alan çıxışlarının arxasında Türkiyənin Avropada enerji nəhəngi olmasına gətirib çıxara biləcək layihələrdən keçirdiyi narahatlıq dayanır.
Axar.az xəbər verir ki, bu iddianı Türkiyə mediası Almaniya Xarici İşlər Nazirliyinin 2016-cı ilin noyabr tarixli sənədinə istinadən irəli sürüb.
“Avropaya gələn enerji üzərində nəzarət və onun gətirəcəyi siyasi və iqtisadi güc”
Türkiyənin regional güc olmaqdan daha irəli getməsi, 3-cü Hava limanının Almaniya iqtisadiyyatına mənfi təsiri, Çinin trilyon dollarlıq layihələrinin Türkiyəni Avropanın lider ölkələrindən birinə çevirəcəyi Berlində həyəcan siqnalını işə salıb.
XİN-in hazırladığı sənədə görə, Türkiyə, Ukrayna və Polşanı sıradan çıxararaq Rusiyadan Almaniyaya uzanan “Cənub axını 2” layihəsini həyata keçirəcəyi halda Berlin bütün Avropanın təbii qaz mərkəzinə çevriləcək. Almaniyanın nəhəng layihəsinin qarşısında ən böyük əngəl kimi başda “Türk axını” təbii qaz boru kəməri olmaqla, Azərbaycan, Türkmənistan, İran, İsrail, Qətər və İraq kimi ölkələrlə həyata keçirdiyi layihələrlə Türkiyə dayanır. Marşrut olaraq da ən ucuz yolların Anadoludan keçməsi Türkiyəni daha əlverişli vəziyyətə gətirir.
XİN sənədinə münasibət bildirən türk professor Gürkan Kumbaroğlu 2016-cı ildə sənədin hazırlanmasından sonra Almaniyanın təşvişə düşdüyünü, iqtisadiyyat və enerji nazirinin sənəddən dərhal sonra xarici işlər naziri təyin olduğunu bildirib. Kumbaroğlu Almaniyanın artıq “Ya Türkiyə, ya da biz” şüarı ilə çıxış etməyə başladığını qeyd edib.
Xatırladaq ki, Türkiyə “Türk axını”, “Trans-Anadolu”, “Gürcüstan-Yunanıstan”, “Qərb”, “Mavi axın”, “Bakı-Tiflis-Ərzurum” və s. enerji layihələrinin əsas iştirakçısıdır.