Xəbər verdiyimiz kimi, Gürcüstan Prezidenti Salome Zurabişvili sosial şəbəkə səhifəsində turizm şirkətinin “Gürcüstanın tarixi regionu Lori” ilə bağlı elanını paylaşmışdı.
Bu isə Ermənistanda narahatlığa səbəb olmuşdu. Əslində “Gürcüstanın tarixi ərazisi” kimi göstərilən Lori kimə məxsusdur?
Tarixçi alim Zaur Əliyev Lori vilayətinin tarixi ilə bağlı geniş araşdırmanı Kult.az-a göndərib.
“Dağ Borçalı - qədim Borçalı vilayətinin yüksək dağlıq zonasıdır. Borçalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsi bu gün Loru (Lori) adlanır. Rusiya tərəfindən işğal edildikdən sonra 12 sentyabr 1801-ci ildə Gürcüstan quberniyası daxilində Borçalı distansiyası yaradılır. 1880-ci ildə Tiflis quberniyası daxilində Borçalı qəzası təşkil edilir və onun ən böyük nahiyəsi də Loru olur. Loru Borçalının dağlıq hissəsini təşkil etdiyindən ona “Dağ Borçalısı” da deyirlər. Bu ərazidə bir vaxtlar Loru şəhərinin mövcudluğu və həmin şəhərin 1236-cı ildə monqollar tərəfindən dağıdıldığı, XIV-XV əsrlərdə yenidən bərpa olunduğu, XV-XVIII əsrlərdə Osmanlı və Səfəvi hücumlarına məruz qaldığı yazılır. 1590-cı və 1727-ci ilə aid türkcə mənbələrdə Borçalı bölgəsinin Loru nahiyəsində Çəkrəşən (Çəkrəşin) və Otarşen kənd adları çəkilir. 1802-ci ildə tərtib olunmuş Loru/Lori qəzasının türk kəndlərinin siyahısından o dövrdə Borçalıdan başqa Qazax mahalında da Faxralı, Qızılhacılı, Kolagir/Kolayır, Pəmbəkdə Qaçağan, Saral, Hamamlı, Şəmşəddildə Qullar, Quşçu, Qırıxlı kəndlərinin olduğu aydınlaşır. Loru mahalının tarixi ilə bağlı ən maraqlı faktlardan biri də burada qədim Loru türk qalasının mövcud olmasıdır. Lakin bu qala 1236-cı ildə monqollar tərəfindən dağıdılmış, XIV-XV yüzillərdə təzədən bərpa olunmuş, XV-XVIII yüzillərdə Səfəvi və Osmanlı qoşunlarmm dağıdıcı hücumlarına məruz qalmışdır.
Loru mahalı ilə birlikdə bütün Borçalı eli XVIII yüzilin əvvəllərində Gəncə bəylərbəyliyinin tərkibində olmuşdur. Lakin bəylərbəyi Ziyadoğlu 1736-cı ildə Muğanda Nadirin şah elan olunması əleyhinə çıxır, Nadir də şah seçiləndən sonra Borçalı və Qazax mahallarını Gəncə bəylərbəyliyindən alıb, Kartli-Kaxeti çarlığının tabeliyinə verir.
1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı 2 yerə parçalanmışdı. 1921-ci ildə isə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında buranın Ermənistana verilməsi haqqında razılıq əldə edilir. Dağ Borçalı Ermənistan SSR-ə verilmiş, Aran Borçalı isə Gürcüstanda qalmışdır. İndi Ermənistan deyilən ərazidə olan “Lori”ni 1921-ci ilə qədər gürcülər “Çavaxetiya”, Gürcüstanda yaşayan azərbaycanlılar isə “Dağ Borçalısı” adlandırmışlar. Bu ərazilər bir yanı Gürcüstanın Dmanisi və Axalkələk, bir yanı Ermənistanın keçmiş Calaloğlu (Stepanavan) yaşayış məntəqələri ilə sərhədlənən və son hüdudları Türkiyə torpaqlarına dayanan otlaqlarla zəngin böyük dağ silsilələri və ətəkləridir. Həm də Azərbaycanın Qazax mahalının, Gürcüstanın Qaraçöp, Qarayazı, Borçalı əhalisinin qədim yaylaqları olmuşdur. Ermənistanın şimal-şərqində yerləşən Dağ Borçalı Qaraxaç silsiləsi (indiki Cavaxet silsiləsi) və Ağlağan dağları (indiki Bazum silsiləsi), eləcə də Ermənistanın Gürcüstan və Azərbaycanla sərhəd xətti ilə hüdudlanır. Ermənilər Loruya – Borçalının güney yarısına sahib durdular. Saxta beynəlmiləlçilik xofu altında Zəngəzuru Ermənistana verdikləri kimi, Borçalını da paralayıb yarısını Ermənistana qatdılar, hələ 1763-də yunanların yardımıyla Gürcüstan valisi II İraklinin təməlini qoyduğu Gümüşxana, Allahverdi, ayrıca da Şamlıq, Ağtala, Tambulat qızıl-gümüş yataqları Ermənistana qaldı.
Sovet dövründə Dağ Borçalı - Kalinin, Calaloğlu - Stepanovan, Alaverdi - Tumanyan, Barana isə Noyanberyan adlandırılıb. Dağ Borçalıda 1937-ci ildə Kalinino adlı rayon da yaradılıb. İndi ermənilər həmin rayonu Taşir adlandırıblar. Taşir Dağ Borçalıda mənbələrdə V əsrdən çəkilən türk mənşəli mahal adıdır. Ermənilər bu toponimin türkmənşəli olduğunu bilmədikləri üçün onu dəyişməyiblər. Mənbədə qeyd olunan Taşir mahal adı V əsrdən məlumdur. Bu ad türk dillərində “Daş yeri” (Qayalıq yer) mənasındadır və tədqiqatçılara görə sonrakı Lori nahiyəsinin qədim adıdır. Gürcüstandan alınmış həmin rayonlarda yaşayan azərbaycanlıların yaşayış məntəqələrinin adları XX əsrin 30-cu illərindən etibarən dəyişdirilərək ermənicə qondarma adlarla əvəz edilmişdir.
Burada “qara daş”, “qara arxaç”, “qaranlıq dərə”, “qara yal” və onlarca toponimlər keçmiş adlarında qalır. Ucsuz-bucaqsız otlaqları, çəmənlikləri olan bu yerlər el arasında tarixi məlum olmayan zamanlardan Qaraxaç yaylaqları adlanır. Sovetlər Birliyi dövründə aparılmış mərhələli etnik təmizləmədən sonra azərbaycanlı faktorunun tam aradan qalxması ilə əlaqədar olaraq Dağ Borçalı bir toponim olaraq yaddaşlardan silinmişdir. Hazırda Borçalı dedikdə, hafizələrdə daha çox Aran Borçalı canlanır.
E.D.Eritsovun yazdığına görə, “Borçalı ərazisinə ermənilərin köçləri bir neçə dəfə olmuşdur”. Dağ Borçalısına - Loruya və Calaloğluna (indiki Stepanavan) ermənilər keçmiş İrəvan xanlığının ayrı-ayrı əyalətlərindən, Barmaqsıza (indiki Zalqa prefektliyi) Ərzurumdan, Xram çayı sahillərinə isə Qarabağdan gəlmişdilər. 1873-cü ildə Calaloğluda 107 erməni ailəsi (877 nəfər) yerləşmişdisə, 1887-ci ildə bu rəqəm 232 ailəyə (1630 nəfər) çatmışdı. Ərzurumdan Barmaqsızın Tamala Xaraba kəndində məskunlaşan qaraçılar da sonradan erməniləşdilər.
Son olaraq qeyd edim ki, Borçalı həm də Qarabağdır, Naxçıvandır, Şirvandır, Gəncəbasardır, İrəvan xanlığıdır. Çünki bu bölgələrin hamısının Borçalıda nümayəndələri yaşayır”.