Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun mərhum qardaşı Nəriman Məmmədova məxsus əmlakların bir qismi satışa çıxarılıb. Bu barədə “Unikal” qəzetinə məlumatlı mənbələrdən xəbər daxil olub. Xəbərdə deyilir ki, N.Məmmədova məxsus Bakı şəhəri Binəqədi rayonu ərazisində, Biləcəri qəsəbəsindəki hərbi çağırışçıların Biləcəri toplanış məntəqəsi ilə üzbəüz yerləşən mülkü satılır. İri həyətyanı sahəyə də malik villaya 1 milyon 200 min manat satış qiyməti qoyulub. Mülkün özünün ümumi yaşayış sahəsinin isə 3 min kvadratmetrə yaxın olduğu deyilir.
Bundan başqa, sabiq nazirin mərhum qardaşının yenə Biləcəri ərazisindəki, “Şamlıq” adlanan yerdəki böyük torpaq sahəsi də satışdadır. Məlumatda bildirilir ki, həmin hasarlanmış sahə 4 milyon manata satılır.
Qeyd edək ki, son vaxtlar Ziya Məmmədovun özünə məxsus əmlakın və obyektlərin də satılması müşahidə olunur. Bu ilin mart ayında sabiq “nəqliyyat şefi”nin Nardarandakı villasını çox ucuz qiymətə satdığı məlum olmuşdu. Bildirilirdi ki, Ziya Məmmədov uzun illərdir baş çəkmədiyi həmin villaya 310 min manat qiymət qoyub.
Daha əvvəl isə sabiq nazirin Biləcəri qəsəbəsində yerləşən başqa bir məşhur əmlakı “Delfin” hotel sökülmüşdü. Sözügedən hotelin sökülməmişdən əvvəl keçmiş nazir tərəfindən satıldığı bildirilirdi. Hətta bəzi iddialara görə, Z.Məmmədov “Delfin”lə vidalaşmaq fikrində deyilmiş, ancaq hansısa səbəbdən buna məcbur olub.
Görünən odur ki, Z.Məmmədov nazir postunu itirdikdən sonra onun sonrakı taleyi ilə bağlı başda korrupsiya ittihamı ilə cinayət işi başlanacağına dair bəd proqnozlar özünü doğrultmasa da, Məmmədovlar ailəsinin malik olduğu böyük sərvətin xeyli hissəsini itirəcəyi yönündə xəbərlər sürətlə özünü doğrultmaqdadır.