Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri bitsə də, proses yekunlaşmayıb. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul mahal nümayəndəliyinin etirazından sonra Türkiyənin Ali Seçki Qurumu İstanbulun 8 mahalı ilə bağlı qərarını verib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fateh, Beykoz, Çekmeköy, Şile, Bayrampaşa və Çatalca kimi mahallarda etibarsız səslər yenidən sayılacaq. Səslərin sayılması prosesi partiya nümayəndələrinin iştirakı ilə baş tutacaq. Seçki qurumu AKP-nin Bəyoğlu və Sancaqtəpə ilə bağlı etirazını isə rədd edib.
Qeyd edək ki, AKP İstanbulun 39 mahalında seçkinin nəticələrinə etiraz etmişdi. Hakim partiyanın bu etirazları çoxsaylı müzakirələrə səbəb olub. 8 mahalda sayılacaq səslərin nəticələri dəyişib-dəyişməyəcəyi yönündə ən müxtəlif fikirlər səslənir. Doğrudur, əksəriyyət hazırkı nəticələrə əsasən qalib olan ana müxalifətin namizədi Əkrəm İmamoğlunun üstünlüyünü qoruyacağını düşünür. Ekspertlər Türkiyə iqtidarının paytaxt Ankaranı, İzmir kimi böyür şəhərləri seçkilərdə müxalifətə uduzduqdan sonra ən strateji şəhər sayılan İstanbulu əldən verməmək üçün sona qədər cəhd göstərdiyini düşünürlər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AKP iqtidarının məğlubiyyəti həzm edə bilmədiyini düşünür:“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranı məğlub olmağa bəlkə də hazır idi, ancaq İstanbul bələdiyyəsinin itirilməsini həzm edə bilmir. Özü də buradan siyasətə başlayıb. Ona görə də təslim olmaq istəmir. Əlbəttə, səslərin yenidən sayılması tələbi istənilən partiyanın haqqıdır. Ancaq bunu süni surətdə uzatmaq da doğru deyil. Çünki birincisi, məsələnin uzanması Türkiyədə siyasi gərginliyi artıra bilər. İkincisi, bələdiyyə ilə bağlı qeyri-müəyyənlik hakim partiyanın özünün imicinə mənfi zərbə vurur. 1994-cü ildə Ərdoğan İstanbul bələdiyyə başçısı seçiləndə normal şəkildə təhvil-təslim prosesi olmuşdu. Bu dəfə isə məğlub müqavimət göstərir və qalibin əlini sıxmaq istəmir”.
Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli: “Öncəliklə onu qeyd edim ki, AKP tərəfindən İstanbulda Binəli Yıldırımın namizəd kimi göstərilməsi uzun zaman müzakirə doğurdu. Məclis spikerinin, sonuncu baş nazirin cəmi 8 ay işlədikdən sonra istefaya gedib bələdiyyə seçkisinə qatılmasını çox adam izah edə bilmədi. Yəni haradan-haraya sualı ciddi olaraq ortada fırlanmağa başladı. Əslində isə Yıldırımın İstanbuldan namizəd olması birbaşa prezident Ərdoğanın planı idi. Binəli Yıldırımın isə bununla razılaşması böyük ehtimalla onu qırmamaq istəyi ilə bağlı olub. Çünki Ərdoğan Yıldırımı bələdiyyə başqanı seçdirməklə daxili qərarnamə ilə bir müddət sonra İstanbul valiliyinin səlahiyyətlərini də ona vermək niyyətində idi. Amma göründüyü kimi, seçimlərin ilkin açıqlamasında onun rəqibi Əkrəm İmamoğlu 22 min səs artıq topladı. Hesab edirəm ki, Ərdoğan başqanlığındakı ölkə kifayət qədər yüksək demokratiya nümunəsi ortaya qoydu - baxmayaraq ki, böyük şəhərləri itirdi, amma bölgələrdə, xüsusilə də HDP-nin əlindən vacib kürd şəhərlərini ala bilməsi böyük uğur idi.
İstanbulda YSK-nın bəzi rayonlarda təkrar seçim qərarı nəticəyə təsir göstərə biləcəyi barədə xəbərlər yayılır. Amma burada bir arqument var ki, əgər səslər hesablanarkən yanlışlığa yol verilibsə, bu, təkcə AKP üçün zərərli deyil. Digər partiyaların da ümumi səsi zədə görmüş olardı. Belə olan halda indiki faizləri bütün partiyalardan silmək lazım gələcək. O durumda İmamoğlu da bildirdi ki, qələbəsini dəyişəcək faktor mövcud deyil. Əlbəttə, AK Partiya rayonlarda qalib gəlib, şəhəri uduzmaq böyük şanssızlıqdır. Nəticələr dəyişməyəcək. Amma İstanbul seçimi göstərdi ki, AKP rəhbərliyində ciddi idarəetmə problemi yaranıb. Çünki açıq etiraf edildi ki, bu seçimlərdə hakim partiyadan üç şəxs səmimi olaraq seçimlərdə iştirak etdi: Ərdoğan, Binəli Yıldırım və Süleyman Soylu. Az ehtimaldır, amma seçimin nəticəsi dəyişərsə, İstanbulda əsl fəlakət yaşana bilər. Artıq təkrar hesablamalarla bağlı ABŞ-dan etiraz bildirildi. Belə həssas bir anda nəticəni dəyişəcək istənilən sonuc Türkiyədə ciddi qarşıdurmalar yarada bilər. Əminəm ki, prezident Ərdoğan buna izin verməz. Seçkidə alınan mesajları düzgün oxuyub, zəif detalları aradan qaldıra bilər”.