Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə sosial şəbəkələrdə və bəzi xəbər saytlarında 3 nəfər xanımın lüt görüntüləri yayılan videoya münasibət bildirib.
Demokrat.az xəbər verir ki, deputat bu cür halların baş verməsinin əsas günahını sosial şəbəkələrlə bərabər televiziya kanallarında görüb: “Bu gün telekanallarımız kifayət qədər milli dəyərlərdən uzaqlaşmış verilişlərə zaman ayırırlar. Bu cür halları biz qınayanda və məsələ qaldıranda isə deyirlər ki, telekanallar özləri özlərini maliyyələşdirə bilmədiyi üçün belə edirlər və sairə. Yəni, telekanalların efirlərində milli dəyərlərdən və adət-ənələrdən uzaq, bayağı, hüquqdan uzaq, şəxsi həyata müdaxilə halları mövcuddur. Hətta, bəzən şəxsi həyata müdaxilə təhqir və digər hallarla da özünü biruzə verir. Bu cür hallara qarşı isə heç bir mübarizə yoxdur.
Əgər bu gün telekanallar cəmiyyətə yalnız şou nümayəndələrinin həyat tərzini göstərirsə, təbii ki, bu cür hallar gənclərimizin, həm qızların, həm də oğlanların əxlaqına mənfi təsir edəcək. Ümumiyyətlə, mən gələcəyimizlə bağlı çox narahatam. Bu cür hallara qarşı müvafiq tədbirlər görənlərə, o cümlədən daxili işlər naziri cənab Ramil Usubova də öz təşəkkürümü bildirirəm ki, polis çox operativ tədbirlər gördü və günahkarlar araşdırılaraq ortaya çıxarıldı. O ki qaldı ki, videonu çəkib yayan oğlanlara, hesab edirəm ki, onlar tam kişi ola bilməyiblər. Hesab edirəm ki, onların bu cür əməllərində şəxsi həyata müdaxilə ilə bağlı cinayət tərkibi var. Çox təəssüf ki, bu gün cəmiyyətimizdə adımıza və milli mentalitetimizə ləkə gətirən oğlan və qızlar var”
Çingiz Qənizadə lüt görüntüləri yayılan xanımlardan birinin nişanlı olması məsələsinə də toxunub: “Mən hesab edirəm ki, bu xanımları alanlar da elə onların tayıdır. Əgər simasına, sifətinə baxım qızı alırlarsa, təbii ki, onlar bu həyatı yaşamalıdırlar. Əvvəllər bizim gözəl adətlərimiz var idi. Biz evlənərkən, böyüklər, qohum-əqrəba baxıb məsləhət verirdi. İndi bunlar küçədə hansısa mini yupkalı bir qız görəndə dədsini elçiləyə göndərirsə, artıq məsuliyyət onların öz üzərindədir. Amma bütövlükdə, bu gün Azərbaycanın milli mentalitetinə, milli adət-ənələrimizə və dəyərlərimizə zidd həyat tərzi keçirən insanların sayı çoxdur”.