Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İmişli rayonunun Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bizimyol.info sərəncamın mətnini təqdim edir: 1. İyirmi doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon (on beş milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına layiqli töhfələr vermiş görkəmli sənətkar Soltan Hacıbəyovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, SSRİ Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.