Bakıda keçirilən VII Qlobal Forumda iştirak edən Albaniya prezidenti İlir Meta virtualaz.org-un əməkdaşı ilə söhbətində Avropa İttifaqının “xristian klubu” olması ilə bağlı gəzən söz-söhbətləri şərh edib.
Qeyd edək ki, Albaniya əhalisinin əksəriyyəti müsəlmandır. 2009-cu ilin aprelində ölkə rəsmi olaraq Avropa İttifaqına bu təşkilata üzv olmaq üçün müraciət edib. 2014-cü ildə Albaniya Aİ üzvlüyünə rəsmi namizəd statusu qazanıb.
İlir Meta qeyd edib ki, Albaniya bir çox dinlərin nümayəndələrinin yaşadığı ölkədir və indiyədək Avropa İttifaqı ilə danışıqlarda onun müsəlman ölkəsi olması ilə əlaqədar eyhama da rast gəlinməyib.
“Biz Avropa İttifaqı ilə bu təşkilata qoşulmaq məqsədilə uğurlu danışıqlar aparırıq, bütün problemləri danışıqlar masası arxasında həll edirik və heç vaxt bu görüşlərin gedişində Aİ tərəfindən din məsələsi qaldırılmayıb. Avropa özü tolerantlıq və multikulturalizm ideyalarını təbliğ edir. Düşünmürəm ki, bu söz-söhbət həqiqəti əks etdirsin”, - alban lider vurğulayıb.